Ekonomiks 14:05 06.08.2019

Süni qiymət artıran işbazlarla mübarizə aparılırmı?

Süni qiymət artımı yalnız iqtisadi inkişafı yavaşladan səbəb deyil, eyni zamanda alıcıların istehlak hüququnun pozulmasıdır. Bu səbəbdən, həmçinin istehsalçıların, kiçik və orta sahibkarların haqqları da pozulur.

Ölkə başçısı İlham Əliyev iyulun 31-də keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə süni qiymət artımı probleminə toxundu və onun tamamilə aradan qaldırılması üçün öz tapşırıq və tövsiyələrini verdi:

"Baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur. Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır".

Dövlətin kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət, ayrılan subsidiyalar və texniki vasitələrlə təminat nəticəsində bu il məhsuldarlıq yüksəkdir. Ancaq məhsuldarlığın bol olması bazarlardakı məhsulların qiymətlərində hiss olunmur. Bunun əsas səbəbi isə qida məhsulu istehsalçılarının bazarlara birbaşa çıxış imkanlarının məhdud olmasıdır. Bazara çıxış imkanı müxtəlif süni yollarla əngəllənən istehsalçılar çıxış yolunu vasitəçilərlə əməkdaşlıqda görürlər. 
Çox vaxt alverçilərin onlardan ucuz qiymətə aldığı məhsullar daha sonra paytaxtın bazar və böyük satış mərkəzlərində alıcıların büdcələrinə uyğun olmayacaq dərəcədə baha qiymətlərlə satılır. Görünən odur ki, istehlakçıların hüquqlarını qorumalı olan və ölkə iqtisadiyyatında rəqabət mühiti yaratmaq və inkişaf etdirməklə vəzifələndirilən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti öz işini layiqincə yerinə yetirə bilmir. Bu sahədə olan boşluqlar fürsətcil işbazları bazarlarda əsas söz sahibinə çevirir. Nəticədə inhisarçılar müxtəlif üsullarla bazarlarda məhsul qıtlığı yaratmaqla qiymətlərə təsir göstərə bilirlər. 

İşbazlar öz işlərini elə qururlar ki, bazarlarda bir məhsulun qiyməti bahalaşdığı zaman insanlar il boyu zəhmət və xeyli xərc çəkərək qida məhsulları istehsal edən sahibkarları günahkar bilirlər. Halbuki kiçik və orta sahibkarları vətəndaşlar qarşısında "pis adam” edən günahkarlara qarşı mübarizə aparılmır, onlar tam rahat şəkildə öz işlərini görməyə davam edirlər. 

Bütün bu mənfi halların qarşısının alınması üçün alıcıların istehlak hüquqlarını qorumalı olan aidiyyəti qurum öz vəzifələrini layiqincə yerinə yetirməlidir. Vətəndaşların ciblərinə əl uzadan işbazların cəzalandırılmasına nail olmaq və istehsalçıların bazarlara birbaşa məhsul çıxarmasına şərait yaratmaq lazımdır. Yalnız o zaman istehlakçıların və istehsalçıların hüquqlarının qorunmasından danışmaq olar.

Könül Əlibəyli