Siyasət 17:28 08.10.2019

Sürətli islahatlar kursunda rol ala bilən kadrlar önə çəkilir (RƏYLƏR)

Milli Məclisin deputatları Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsini yüksək qiymətləndirir.

Deputat Musa Quliyev "Report”a açıqlamasında bildirib ki, Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsi doğru addımdır. Onun sözlərinə görə, Əli Əsədov cəmiyyətin çox yaxşı tanıdığı islahatçı kadrlardan biridir: "Əsədov uzun illər ulu öndər Heydər Əliyevlə çalışıb, Prezident İlham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi olub. O, iqtisadiyyat sahəsində alimdir, yenilikçi bir insandır. Prezident İlham Əliyevin ortaya qoyduğu sürətli sosial-iqtisadi islahatlar kursuna uyğun olaraq, Nazirlər Kabineti də çevik reaksiyasını verməlidir. Prezident İlham Əliyevin tapşırıqlarını, tövsiyələrini çevik, operativ olaraq insanlara və dövlətə sərfəli olan şəkildə həll etməkdən ötrü Nazirlər Kabinetinin başında bu sahəni dərindən bilən, yenilikçi, sədaqətli bir şəxsin olması vacib idi. Ona görə də düşünürəm ki, Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsi uğurlu seçimdir. Prezidentin son dövrlər başlatdığı kadr islahatları da dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir. Bu addımlar xalqın sosial rifahının yüksəldilməsinə yönələn addımlardır”.

"Prezidentin son dövrlər başlatdığı kadr islahatları da dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir"
 

M.Quliyev qeyd edib ki, kadr islahatlarının aparılması Prezident İlham Əliyevin səlahiyyətinə daxildir, dövlət başçısı peşəkar, təşəbbüskar kadrları önə çəkir, vəzifəyə təyin edir: "Həmin kadrlar özlərini doğrultmaqdadırlar. İndiyə qədər təyin olunan kadrların keyfiyyətli olduğunun şahidi olmuşuq”.

Deputat Tahir Rzayev "Report”a açıqlamasında deyib ki, Prezident İlham Əliyev peşəkar, həyata keçirilən islahatlarda rol ala bilən kadrları irəli çəkir, etimad göstərir: "Həmin kadrlar da özlərini doğruldurlar. Əli Əsədov da peşəkar kadr kimi irəli çəkilib. Onun iqtisadi sahədə çox böyük səriştəsi var, uzun müddət Heydər Əliyev siyasi kursuna xidmət edib. Prezident onun qabiliyyətinə, bacarığına yaxından bələddir. Belə bir şəxsin Baş Nazir olması ölkənin gələcək inkişaf üçün çox vacibdir. Nazirlər Kabinetində uzun müddətdir ki, islahatlar həyata keçirilir. Hər kəsə aydındır ki, son bir ildə böyük islahatlar həyata keçirilib. Bunu nəinki Azərbaycan xalqı, beynəlxalq təşkilatlar, siyasətçilər yüksək qiymətləndirirlər. Bu, həyata keçirilən siyasətin uğurunu göstərir. Düşünürəm, islahatlar bundan sonra da müvəffəqiyyətlə davam edəcək”.

 "Nazirlər Kabinetində uzun müddətdir ki, islahatlar həyata keçirilir"
 

Milli Məclisin deputatı Şəmsəddin Hacıyev "Report”a açıqlamasında Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsini çox yüksək qiymətləndirdiyini vurğulayıb: "O, uzun müddətdir ki, ölkənin ictimai-siyasi həyatında çox fəal iştirak edir, 1990-cı illərdən partiya sıralarında aktiv olub, Heydər Əliyev siyasi kursuna sadiq insandır. Son 20 ildə ixtisasına uyğun olaraq iqtisadiyyatla məşğul olub. Onun sosial islahatların həyata keçirilməsində rolu mühümdür. Əminəm ki, Əli Əsədov Prezident İlham Əliyevin göstərdiyi böyük etimadı şərəflə doğruldacaq, ölkənin məhz iqtisadiyyatının inkişafı, Azərbaycanın beynəlxalq aləmdə tanınması üçün əlindən gələni əsirgəməyəcək, yüksək nəticələrlə bu vəzifəni yerinə yetirəcək”.

 "Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsi qarşıya qoyulan hədəflərin, aparılan islahatların məntiqi nəticəsidir"
 

Deputat qeyd edib ki, Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsi qarşıya qoyulan hədəflərin, aparılan islahatların məntiqi nəticəsidir: "Azərbaycanda islahatlar bütün sahələrdə aparılır. İslahatlar bundan sonra da davam edəcək. Qarşıda böyük hədəflər var, bu ilk növbədə "yol xəritələri” ilə bağlıdır. Neftdən asılılığın azaldılması, post-neft dövrünün iqtisadiyyatının formalaşdırılması mühüm məsələdir. Bunu düzgün başa düşmək lazımdır, demirəm ki, Azərbaycan post-neft dövrünə qədəm qoyub. Sadəcə, gələcəkdə neft tükənəndə, hansı addımlar atılacaqsa, ona indidən hazırlaşmalıyıq. Yeni təyin olunan Baş Nazirin bu sahədə çox böyük təcrübəsi var”.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Əli Əsədov Baş Nazir təyin edilib.