Dünya 14:35 15.03.2019

Suriya vətəndaş müharibəsi 8 yaşında: 400 min ölü, 6 milyon qaçqın

Bu gün Suriyada vətəndaş müharibəsinin başlamasından 8 il ötür. 

Qaynarinfo xəbər verir ki, 8 il əvvəl bu gün dinc aksiya ilə başlayan nümayişlər daha sonradan silahlı qarşıdurmalar və vətəndaş müharibəsi ilə nəticələndi. Müharibə ötən illər ərzində 400 mindən çox insanın ölümü, 6 milyon suriyalının ölkəni tərk etməsi ilə nəticələnib. Suriyanı tərk edənlərin 3 milyonu Türkiyədə, digər hissəsi isə Misir, İordaniya, Livan, İraqda yerləşib. Ölkə əhalisinin böyük hissəsi aclıq, yoxsulluq, işsizliklə mübarizə aparır. Vətəndaş müharibəsinin Suriyaya vurduğu zərərin məbləği 400 milyard dollardır. 

Suriyaya rəhbərliyi Bəşər Əsəd edir, lakin ölkə ərazisi fərqli qüvvələrin nəzarətindədir. Əsəd rejimi İran və Rusiyanın dəstəyi ilə son bir ildə müxaliflərin nəzarətində olan bölgələrin böyük hissəsini ələ keçirib. Suriyanın neftlə zəngin şimal-şərqi ABŞ-ın dəstək verdiyi Suriya Demokratik Qüvvələrinin nəzarətindədir. İdlib vilayətinin əsas hissəsinə nəzarəti Əl Qaidənin dəstək verdiyi Heyət Təhrir Əl Şam silahlı qruplaşması edir. PKK terror təşkilatının Suriya qolu YPG, həmçinin suriyalı müxalif qüvvələr bəzi sərhəd bölgələrini əlində saxlayır. Ölkənin 30%-i xarici qüvvələrin dəstək verdiyi silahlı qrupların nəzarətindədir. Müharibədə iştirak edən və maddi dəstək verən dövlətlər xərclədikləri pulları müxtəlif enerji, infrastruktur layihələrində iştirak etməklə geri qazanmağa çalışır.

Mütəxəssislərin fikirlərinə görə, müharibədən sonra Bəşər Əsəd rejimini sabitliyin təmin edilməsi, iqtisadiyyatın inkişafı, beynəlxalq arenada yenidən nüfuzun qazanılması, miqrant, işsizlik, yoxsulluq kimi vacib problemlərin həll edilməsi gözləyir.

Gülşən