Dünya 18:38 17.02.2019

Suriyada etnik-mədəni müxtəliflik: vətəndaş müharibəsini doğuran səbəblər

Suriya Orta Şərqdə Livan, İsrail, İordaniya, İraq, Türkiyə ilə həmsərhəd olan və Aralıq də-nizinə çıxışı olan bir ölkədir. Suriyanın belə coğrafi məkanda yerləşməsi ərazidə müxtəlif xalqların məskunlaşmasına şərait yaratmışdır.

Suriyada münaqişə və etnik müxtəlifliyin qarşılıqlı əlaqəsi tarixi dövrün inkişaf xüsusiyyətləri ilə birlikdə araşdırılmalıdır. Qədim Suriyanın tarixi əsrlər boyu fəthlər, münaqişə, ittifaqlar və ticarət əlaqələri ilə müşayət olunduğu üçün o, müxtəlif mədəniyyətlərin toqquşma mərkəzi olmuşdur. 634-cü ilə qədər Suriya Roma, Yunan və Bizans imperiyalarının əsarəti altında qalmış, sonradan Yaxın və Orta Şərqin böyük hissəsini əhatə edən Xilafətin təməli olmuşdur. VIII əsrdən 1516-cı ilə kimi Suriya ərazisi bir çox işğallara məruz qalsa da orada dini və etnik azlıqlara qarşı tolerantlılıq qorunub saxlanmışdır. 1516-cı ildən 1918-ci ilə kimi Müsəlman Suriyası Osmanlı İmperiyasına aid olmuşdur.

Ərazidəki milli fərqlilik haqda fərziyyələrin bir çoxunda 2011-ci ilə kimi etnik azlıqların bir-birləri ilə heç də sülh şəraitində yaşamadıqları qeyd olunur. 2011-ci il münaqişəsi qruplararası qütbləşməni və seqreqasiyanı artırdı.

Rəsmi qurumların hesablamalarına əsasən ölkədə vətəndaş müharibəsinə kimi Suriyanın əhalisi təxmini 22 mln. nəfər civarında olmuşdur.
Xristian qruplar içərisində Erməni kilsəsinə bağlı ermənilər, Nəsturilər (assuriyalılar) və protestantlar üstünlük təşkil edir (1, 20).

Suriyada ən böyük etnik dini qrup sünni ərəblərdir. Əhalinin70%-ni təşkil edir. Sünni ərəblər ərazidəki üsyançı qüvvələrin ən böyük dəstəkçiləridir və şiə təriqətinə bağlı olan Əsəd hakimiyyətinə qarşı müxalif qrupların əsas bazasını təşkil edirlər. Onlar həmişə ölkədəki azlıq tərəfindən idarə edilən çoxluq olmuşlar. Son illərdə onların şiə müsəlmanlarına (şiə təriqətinə bağlı Əsəd hakimiyyətinin üsyançılara qarşı tədbirləri təriqətlər arasında nifrəti artırmışdır.) nifrəti o qədər artmışdır ki, hətta sünni ərəblərin dini nəğmələrində "şiələrə ölüm” və "xristianlar Livana, şiələr ölümə” şüarları səsləndirmələri müntəzəm  əməl edilən qayda olmuşdur (2).

Şiəlik ölkədəki ikinci ən böyük sektadır və suriyalıların 12%-i bu təriqəti təmsil edir. Təriqətin əsas nümyəndələri ələvilərdir. Ələvilər ölkədə azlıq təşkil etsələr də, həmçinin prezident B.Əsəd də bu sektaya daxildir. Onlar 1971-ci ildə Suriyada Hafiz Əsəd hakimiyyətə gəldikdən sonra demək olar ki, hakimiyyətin bütün istiqamətlərinə nəzarət edirlər (2).

Suriyada ikinci ən böyük etnik qrup kürdlərdir. Kürdlər Türkiyə, İraq, Suriya, İran və Ermənistan (əsasən yezidi kürdlər) sərhədlərini əhatə edən dağlıq ərazidə məskunlaşmaqla təxminən 25-30 milyon nəfərə yaxındılar. Onlar Orta Şərqdə sayca dördüncü ən böyük millət olsalar da, heç vaxt daimi milli dövlətə sahib olmayıblar.

Bu gün kürdlər standart dialektləri olmamasına rəğmən özlərinə xas irq, mədəniyyət və ana dillərinə sahib olan ayrıca cəmiyyət formalaşdırmışlar. Çoxluq sünni müsəlmanlar olsa da, digər inanc və təriqətlərə bağlı olanları da vardır (3).

Kürdlər Suriya əhalisinin 7-10%-ni təşkil edirlər (Worldatlas.com  rəsmi açıqlamalarına əsasən 9.5%). Prezident Bəşər Əsədə qarşı 2011-ci il çıxışlarının başlamasına kimi, əsasən, Dəməşq, Hələb və üç ayrıca ərazidə Kobani, Afrin, Qamışlı şəhərinin Şimal Şərqində məskunlaşmışlar. 1960-cı illərdən bu yana təxminən 300 min nəfər kürd vətəndaşlıqdan çıxarılmış və hakimiyyət kürd bölgələrini nəzarətə götürmüşdür. Kürd bölgələrini "Ərəbləşdirmək” məqsədi ilə yenidən ərəblərə paylanmışdır (3).

XX yüzilin əvvəllərində kürdlərin əksəriyyəti "Kürdistan” adlandırdıqları milli dövlətin yaradılacağına ümid edirdilər. I Dünya müharibəsində Osmanlı İmperatorluğunun məğlubiyyətindən sonra qalib Qərbli müttəfiqlər 1920-ci il Sevr müqaviləsi ilə Kürd dövləti yaradılması hökmünü verdilər. Lakin bu ümidlər 3 il sonra bugünkü Türkiyənin sərhədlərini müəyyən edən 24 iyul 1923-cü il Lozanna razılaşması ilə kəsilmiş oldu.
Əsəd iqtidarı böhran zamanı ölkənin şimal və şimal-şərqdə olan kürd əhalinin müxalif qüvvələrə qoşulmasının qarşısını almaq üçün 7 iyun 2011-ci il tarixində 300 minə yaxın kürdə vətəndaşlıq hüququ vermişdir. Əsəd rejiminin bu addımı Suriya kürdləri arasında bəzilərinin xalq hərakatına bəzilərinin isə müxalifətdə yer alıb-almamaları məsələsində fikir ayrılığına səbəb oldu. Kürd aktivistlər Suriya Milli Şurasının  kürdlərin tələblərini nəzərə almadıqlarını əsas gətirərək Kürd Milli Şurası adlı yeni qurum yaratdılar. 26 oktyabr, 2011-ci il Ərbildən Məsud Bərzaninin dəstəyi ilə Dr. Abdulhakim Bəşərin rəhbərliyin altında Suriya Kürd Milli Şurası yaradılmışdır (4, 18-19).

Hal-hazırda Suriyada 1,5 mln. kürdün yaşadığı təxmin edilir və onların 150 mini Suriya vətəndaşı hesab edilmir (1, 175).
Digər etnik qruplardan biri olan Türkmanlar XI əsrdən Suriyada məskunlaşan etnik türklərdir. Onlar əsasən Suriyanın şimalında Türkman dağı ərazisində Latakiyanın Türkiyə sərhədlərinə bağlı hissəsində, Hələb, İdlib, Xums, Tartus və Dəməşqdə məskunlaşmışlar (5). Rəsmi göstəricilər olmasa da saylarının 1,5-3,5 mln. nəfər olduğu ehtimal edilir.
 
Suriya və İraqda digər etnik azlıqlarla müqayisədə türkmanlar daha çox təqib və təzyiqlərə məruz qalmış, vətəndaş hüquqları pozulmuşdur. Prezident H.Əsəd və oğlu B.Əsədin hakimiyyəti dövründə türkmanlara öz dillərində təhsil və nəşr yasaq edilmişdir. Əksəriyyət türkmanlar hakimiyyət qüvvələrinə qarşı müxalifəti dəstəkləyir və öz milli, vətəndaş hüquqlarının təmin olunduğu federativ azadlıq tələb edirlər. 2011-ci il çıxışlarından sonra türkmanlar silahlı mübarizəyə qoşulmuş, hakimiyyət qüvvələri ilə yanaşı terrorçu qrupları ilə də döyüşməli olmuşlar.
 
Çərkəzlər (Qərb mediasında Suriyadakı Qafqaz əsilli xalqlar ümumi adla circassian-çərkəz  adlandırılır, onlara çərkəzlərlə yanaşı, çeçen, kabardin, qaraçay, balkarlar və digər Şimali Qafqaz xalqları daxildir) Suriyaya ilk dəfə Qafqaz müharibələrində (1817-1864–cü illər) Rusiya İmperiyasına məğlub olduqları üçün öz doğma torpaqları Qafqaz dağlarından Osmanlı İmperiyasının Balkan və Anadolu bölgələrinə məcburi köç etdikdən sonra gəlmişlər. Çox keçmədən Osmanlıların 1877-1878-ci illər rus-türk müharibəsidə məğlub olması ilə çox sayda çərkəz Suriya ərazisinə köç etməli olmuşdu. Onlar əsasən Qolan təpələri ətrafındakı və Transiordaniya bölgələrində, həmçinin Xüms şəhərinin şimalında, Suriya çölündə məskunlaşmışlar (6).
 
Suriyadakı çərkəzlərin 80%-ə yaxını Fələstinlə sərhəddə yerləşən Qolanda yaşayırdı. Lakin 1967-ci il ərəb-israil müharibəsində ərazinin İsrail nəzarətinə keçməsi ilə yenidən minlərlə insan paytaxt Dəməşqə və ətraf şəhərlərə məcburi köç etmişlər. Lakin 50 il sonra onlar yenidən 2011-ci il Suriya vətəndaş müharibəsinin başlaması ilə yaşadıqları torpaqları tərk etmək məcburiyyətində qaldılar (7).
 
Suriyadakı Qafqaz əsilli millətlərin sayı vətəndaş müharibəsindən əvvəl əhalinin 100 min nəfərə yaxınını təşkil etsədə müharibənin başlanması ilə etnik qafqazlıların bir hissəsi Rusiyanın Qafqaz regionuna qayıtmış, digər qismi isə Türkiyə və İordaniyaya köç etmək məcburiyyətində qalmışlar.
 
Suriyadakı assurlar, yaxud süryanilər ərazidəki assur mənşəli yerli xalqlardan biridir. Onlar ölkədə vətəndaş müharibəsinə kimi mövcud 23 mln. əhalinin 2-3,5%-ni, ümumi xristian əhalinin isə 15-20%-ni təşkil edirdilər (8).

Erməni Diaspora Nazirliyinin verdiyi məlumata əsasən Suriyada 100 min erməni yaşayır. Onların təxmini 60 mini Hələb, 8 mini Qamışlı, 6-7 min nəfəri isə Dəməşqdə məskunlaşmışdı (9). Suriyanın müasir erməni icması 1915-1920-ci illərdə Osmanlı İmperiyasında  hakimiyyətə və türk əhaliyə qarşı törətdikləri cinayətlər səbəbindən köç etməyə məcbur qalmış ermənilərdən formalaşmışdır. Müharibənin başlamasından sonra 16 min Suriya ermənisi Ermənistana köç etmişdir, digərləri isə Livana, Avropaya və Şimali Amerikaya üz tutmuşdur (6).

Suriya böyük tək tanrılı dinlərin ən yüksək səviyyədə təmsil olunduğu bir topluma sahibdir. Müsəlmanlar sünni və şiələr olaraq ayrılır, şiələr də öz növbəsində "On ikilər” və "yeddilər”  (bugünkü adları ilə Mütəvəllilər və İsmaililər) qollarına bölünür. Xristian qrupları içərisində Şərq ortodoksları, Yunan və Suriya qolları ayrılır. Katoliklər də beş kilsəyə bölünürlər:  1) Yunanlar; 2) Suriyalılar; 3) Ermənilər; 4) Kəldanilər (nəsturilər); 5) Marunilər.

Suriyada cəmiyyətlərarası münasibətlər zəifdir. "Açıq şəkildə müşahidə edilməsə də, eyni məkanda yaşayan müxtəlif dini və təriqətçi qruplar bir-birlərinə nifrət edirlər. Sünnilər şiələri müsəlman hesab etmir və hər iki qrupun insanları druzlara (İsmailiyin qollarından biri olan İslam dini təriqəti, etiqadçıları əsasən ərəblərdən ibarətdir) nifrət edirlər. Bu dini qrupların hamısı nüseyrilərə (ələvilər) nifrət bəsləyirlər. Marunilər özlərindən başqa heç kimi bəyənmirlər və katolik kilsəsi sayılanların hamısı tərəfindən xor görülürlər. Yunan ortodoksları yunan katoliklərini və latınları qəbul etmirlər və hamısı da yəhudilərə nifrət edirlər” (1, 17).
 
Orta Şərqdə əlverişli geostarateji mövqeyinə görə birinci sıraya qoyulan Suriyada ümumi Suriya xalqı anlayışı mövcud olmamışdır. Suriyada müstəmləkəçilik tarixi və onun müxtəlif millətlərinin iqtisadi, siyasi, ideoloji, mədəni inkişafına göstərdiyi mənfi təsir, ərazidə mövcud olmuş yerli hakimiyyətlərin radikal mövqe tutmaları, vahid xalq, vətəndaş prinsiplərinin formalaşmasına şərait yaratmamışdır.

Bunu Suriyada sülhü təmin etmək məqsədilə 4 dəfə keçirilən Cenevrə sülh danışıqları (2012-ci il iyun, 2014-cü il, 2016-ci il yanvar, 2017-ci il fevral-mart ayları), Vyana (2015-ci il), Astana (2015-ci ildən başlayaraq müxalifət səviyyəsində, 2016-2018-ci illərdə isə hakimiyyət-müxalifət tərəfləri arasında  keçirilən sülh danışıqları) və Soçi (2018-ci il) danışıqlarında Suriya müxalifətinin vahid tərəf nümayiş etdirə bilməməsində də görmək olar. Müxalif qüvvələrin bu probleminin son nəticənin sülhü təmin etməmiş olmasındakı rolu da istisna edilmir. Göründüyü kimi keçirilən danışıqların nəticəsi olaraq tərəflər arasında ümumi razılıq əldə olunmamışdır.

İstifadə olunan mənbələr:
1. Ali Poyraz Gürson,  Büyük güçlerin Suriye planı. Ankara, 2017, 304 s.
2. Erik Markus Kannike, The ethnic and religious groups of Syria, Syrian Civil War Map, Syriancivilwarmap.com
4. Bilge adamları kurulu raporu bütün boyutlarıyla Suriye krizi ve Türkiye 2012, 81 s.
7. The Globe Post, Circassians of Syria, The Third Migration, https://theglobepost.com/2017/11/04/syria-circassians-refugees/
9. Виртуальныймузейисторииармянскойдиаспоры/ МинистерстводиаспорыРеспубликиАрмения.www.amp/s/pikabu ru/story/siriyskie armyane_ flagom

Quliyeva Leyla Əmrulla qızı
Azərbaycan Dillər Universitetinin magistrantı