Video 22:35 03.09.2018

Sürücü yol polisinə sənəd təqdim etməlidirmi? (VİDEO)

Son zamanlar bəzi sürücülər yol polisi onların avtomobillərini hər hansı qayda pozuntusuna görə saxladıqda sənədləri təqdim etmək istəmirlər. Onlar bunu polisdə olan avadanlıqlarla bütün sənədlərin qaydasında olub-olmadığını yoxlamağın mümkünlüyünü əsas gətirərək edirlər. Yol polisinin rəsmisi isə polisə sənəd təqdim etməməyin qanunvericiliyə zidd olduğunu, bu hərəkətinə görə sürücünün inzibati həbs də edilə biləcəyinidə bildirir.

Yol polisi avtomobili saxlayır, amma sürücü sənədlərini təqdim etmir. Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, son zamanlar belə sürücülərin sayında artım müşahidə edilir. Belə ki, sürücü ''get özün yoxla'' deməklə polisin işini çətinləşdirdiyini düşünür. Amma əslində bunu etmək qadağandır.

Vaqif Əsədovun sözlərinə görə, əslində yol polisi əlində olan avadanlıqlarla sürücünün sənədlərinin olub-olmadığına baxa bilər. Amma tələb edildiyi təqdirdə sənədlərin qəsdən təqdim edilməməsi polisə tabesizlik kimi qiymətləndirilə bilər ki, bunun da kifayət qədər ağır cəzası var.

Vaqif Əsədov onu da bildidir ki, hazırda da zərurət olduğu halda xüsusi avadanlıqlardan istifadə edilərək sürücünün sənədləri yoxlanılır. Əgər sürücünün kimliyini müəyyənləşdirmək mümkün olmursa, o, polis bölməsinə də aparıla bilər.