Video 23:00 27.10.2017

Sürücülərin Diqqətinə! Dəymiş ziyanı ödəyib, azadlıqda qalmaq olar (VİDEO)

Əvvəllər yol qəzalarından sonra kiməsə az ağır və ya ağır xəsarət dəyərdisə, onda təqsirkar sürücü azadlıqdan məhrum edilirdi. Sürücü hadisə yerindən yayınardısa bu cəza daha ağır olurdu. Cinayət məcəlləsinə edilən dəyişiklik azadlıqdan məhrum edilmə cəzasını yüngülləşdirib. Amma bunun üçün bir sıra şərtlər tələb edilir.

Yol qəzalarından sonra bəzi sürücülərin cəzası yüngülləşəcək. Söhbət nəqliyyat hadisələrindən sonra kiməsə ağır və ya az ağır xəsarətin dəydiyi qəzaların təqsirkarı olan sürücülərdən gedir. Əvvəlki qaydalarda belə sürücülər azadlıqdan məhrum edilirdi.
Azadlığın məhdudlaşdırılması bəndi qəzalardan sonra hadisə yerindən qaçan və məsuliyyətdən yayınmağa cəhd göstərən sürücülərə də şamil ediləcək.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu dəyişiklik müəyyən sürücülərə imtiyaz verəcək. Bu isə birmənalı qarşılanmaya bilər.

Qarşı tərəfə dəymiş ziyanı ödəyə bilməyən sürücülər isə əvvəlki qaydada xəsarətin dərəcəsindən asılı olaraq azadlıqdan məhrum ediləcəklər. Əgər qəzadan sonra ölüm faktı qeydə alınarsa, istənilən halda azadlıqdan məhrum edilmə cəzası olduğu kimi qalacaq. Yeni qaydalar milli məclis tərəfindən qəbul edilib.(xezerxeber)

Qaynarinfo.Az