Şuşa Bəyannaməsində BMT Nizamnaməsinə istinad (ŞƏRH)

Şuşa Bəyannaməsində BMT Nizamnaməsinə istinad (ŞƏRH)

"Azərbaycan və Türkiyə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi əslində bir millət, iki dövlət fəlsəfəsinin hüquqi müstəviyə köçürülməsi hadisəsi idi”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat bəyannaməni mühim tarixi hadisə kimi qiymətləndirib:
"Çünki iki dövlət arasında strateji müttəfiqlik münasibətlərinə təhlükəsizlik və işbirliyi kontekstində yeni keyfiyyət qazandırır. Beləliklə, bir dövlətin təhlukəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və lazımı tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa bəyannaməsi imzalanarkən tarixi Qars müqaviləsinə istinad etməsi də bununla əlaqədar idi. Çünki Qars müqaviləsinə əsasən, onun təhlükəsizliyinin təminatçısı həm də Türkiyə Cümhuiyyəti hesab edilir.
 
 

İkinci mühüm bir məsələ odur ki, Şuşa Bəyannaməsinin təhlükəsizliklə bağlı olan hissəsi BMT Nizamnaməsinə istinad edilərək hazırlanıb və bu müqavilənin hüquqi əsasları beynəlxalq hüquqa söykənir və beynəlxalq hüquq tərəfindən dəstəklənir. Yəni Azərbaycanla Türkiyə strateji müttəfiqlik münasibətlərini daha da dərinləşdirərkən bunu üçüncü tərəfə qarşı deyil, sadəcə öz təhlükəsizliyi baxımından zəruri hesab edərək qərarlaşdırır. İkinci mühüm məsələ ondan ibarətdir ki, iki qardaş ölkə müqavilədən irəli gələn öhdəçiliyi və öz təhlükəsizliklərini təmin etmək üçün hərbi institusional qurumların mövcud olması reallığından və zərurətindən çıxış edərək bu istiqamtədə də müştərək addımlar atmaqla bağlı qərar qəbul edirlər. Yəni, Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin yeni çağırışlara uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki qardaş ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması istiqamətində sıx əməkdaşlığı da nəzərdə tutulur. Eyni zamanda, bu məqsədlə səlahiyyətli struktur və qurumların qarşılıqlı əlaqəli fəaliyyətinin təmin edilməsi də vurğulanır. Bu isə əslində müdafiə güclərimizə sinxron hərəkət qabiliyyəti tanıyır. Biz bilirik ki, vətən müharibəsindən sonra Azərbaycan Prezidenti Milli Ordumuz haqqında danışarkən Azərbaycanda Türkiyə Ordusunun kiçik modelini yaratmaq barədə öz fikirlərini səsləndirmişdi. Türkiyə Ordusu isə dünyanın ən döyüşqabiliyyətli və modern ordularından biridir. İmzalanan Şuşa Bəyannaməsi həm də bu istiqamətdə real addımların atılmasını təmin edəcək”.

Deputat hesab edir ki, bəyannəmədə həmçinin diqqətçəkən məqam regional əməkdaşlıq və qarşılıqlı inteqrasiya ilə bağlıdır:

"Bu, Cənubi Zəngəzur dəhlizinin açılması ilə əlaqədar olaraq müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bütün bunlarla yanaşı media, diaspor, xarici siyasətdə birgə hərəkətetmə, təhsil, iqtisadiyyat müasir texnologiyalar, birgə investisiya planları və s. sahəlrədə də əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur ki, bu da iki qardaş ölkə arasında tərəfdaşlığın inkişafı üçün yeni üfüqlərə açmaqla, həm də regional əməkdaşlığı və qarşılıqlı inteqrasiyanı təşviq edir .

Bahar Rüstəmli

X
XƏBƏRLƏR
BLOGLAR