Video 10:10 11.09.2021

Şuşa Teatrının direktoru Şuşada evinə çatanda nələr gördü?.. - Yadigar Muradovla söhbət (VİDEO)

"Şuşa alınsa, Şuşaya qayıtsam, Qala divarlarının yanından torpaq götürüb üzümə sürtəcəm, "Sənsiz” romansını oxuyacam. Allah elə oradaca canımı alsın ki, evimə belə sağ-salamat çatmayım”. 

Bu sözləri Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovun 29 il əvvəl müsahibələrinin birində deyib. Bu günlərdə Şuşaya qayıdan direktor dediyi sözlərə əməl edibmi?

Yadigar Muradovun Qaynarinfo-ya müsahibəsini təqdim edirik.
 
- Bəli, Qala divarlarıyla mənim evimin arası 60-70 metrdir. Demişdim ki, Qala divarlarının yanından torpaq götürüb onu üzümə sürtüb, "Sənsiz” romansını oxuya-oxuyacam. O gün elə Qala divarlarının yanında Allah canımı alsın, evimə belə sağ-salamat çatmayım. Bu, 29 ildən sonra həyata keçdi. Amma Allah məni orda öldürmədi. Özüm də ölmək istəmədim ki, yaşayım, nəvə toyu da edim. "Xarı bulbul” festivalından sonra ikinci dəfə Şuşaya səfər etdim və iki gün də orada qaldım. Məqsədim Şuşadakı evimə baş çəkməkdi. Getdim, evimə yaxınlaşanda dostuma deyirəm ki, elə bil mənim evimdə işıq yanır. Dedi, ağ eləmə, yəqin həyəcandandır, gözünə elə görsənir. Dedim ki, nə göz, sən gözlükdə olmağına baxma,  mən uzağı səndən yaxşı görürəm, pəncərəmdən işıq gəlir. İri-iri addımlara getdik, çatanda baxdıq ki, doğrudan da evdə işıq yanır. Evim də sağ-salamat, bir yeri dağılmayıb. İndi düşünün də mənim halımı! Nə qədər ağladım. 

- Evin sağ qalmağı təsadüfdür, yoxsa…
- Yox, ermənlərin hərbi komissarlığı mənim evimdə yerləşib. Deyilənə görə, birinci mərtəbəsində keşiş yaşayıb. Müharibə vaxtı hamısı nə varsa qoyub qaçıb. Evin içindəki əşyalar darmadağın olub, evin giriş qapısı qırılıb. Deyir bunlar da bizimkilər Şuşanı alanda olub. İndi evə giriş qapısı açıb, həyətə də paltar asmağa ip çəkiblər. Həyətə girəndə baxdım ki, təzəcə paltar yuyulub, ipdən asılıb. Yad adam kimi öz evimin qapısını döydüm, ay ev yiyəsi, ay ev yiyəsi deyə, harayladım. Haçandan arxadan bir oğlan gəldi, dedi, qardaş nə istəyirsən, sizə kim lazımdır? Dedim ki, heç kim, 29 il bundan əvvəl bu ev mənim olub, burda böyümüşəm, icazə versəniz, evimə girib baxaram. Qayıtdı ki, Yadigar müəllim sizsiniz? Görüşdük, məlum oldu ki, tikinti briqadalarıdır, sən demə, bizim evdə qalırlar. Baxdım ki, hər otağa 3 yataq qoyublar, tikintiyə gələnləri yataqxana kimi mənim evimdə yerləşdiriblər. Artıq evimdə işıq yanır, bir azərbaycanlı nəfəsi dəyir evimin divarlarına.  

Şuşa Teatrı 29 ildir qaçqın həyatı yaşayıb, Bakıda müxtəlif yerlərdə məskunlaşıb. 26 il əzab-əziyyətdən sonra Bakıda yeni bir bina tikilib Şuşa Teatrına verilmişdi ki, bu dəfə də pandemiya səbəbindən səhnəsi qapandı. İndi teatrı yenidən köç həyatı gözləyir, amma bu dəfə Şuşaya… 
 


- Bütün bunlardan sonra Teatr Şuşaya köçsə, qayıdacaqsınız?
- Necə qayıtmamaq olar? Neçə illərdir ki, biz bu günü gözləmişik. Uzun illər öncə müsahibələrimin birində demişdim ki, məni inandıra bilən olsa ki, biz Şuşaya qayıtmayacağıq, həmin an özümə Allahdan ölüm arzulayardım. 29 ildir ki, bu sevinci gözləmişik, Allah Prezidentin, ordumuzun canını sağ etsin, şəhidlərə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı və valideynlərə səbr versin. Hamımız bu günü gözləyirdik. Mənim oğlum "Green Card”la Amerikada yaşayırdı. Müharibə vaxtı gəldi və Qarabağa getdi, sağ-salamat gəldi və ona toy da etdim. "Xarı bulbul” festivalında Cıdır düzündə Prezidentlə görüşdük. Görüşdə Teymur müəllim Prezidentə sual verdi ki, Şuşada təzə teatr tikməyin vaxtıdırmı? Prezident də "hər şey olacaq” dedi. Vaqifin məqbərəsinin yenidən qurulması, Vaqifin büstünün açılışı, Üzeyir bəyin abidəsinin, Bülbülün ev muzeyinin açılması və s. bunların hər biri baş verdi. Bunlar kimi bir gün də bizim teatrın binası tikiləcək. Bizim teatrın binası tamamilə yoxdur, onu söküb aparıblar. Yerində isə park salıblar. O boyda möhtəşəm binalar tikilir, yollar salınır. Prezident elan elədi ki, Şuşa Azərbaycan mədəniyyətinin paytaxtıdır. Yəqin ki, orada bir gün də teatr binasının açılışını edəcəyik. 

- Şuşa Teatrının binası əvvəlki yerində olacaq, yoxsa məkan olaraq dəyişəcəklər?
- Onu heç kəs deyə bilməz. Şuşa Teatrı Mədəniyyət evinin binasında yerləşib, ordan təxminən 50 metr aşağı isə park vardı. Parkın başında Şuşa Teatrının yeni layihəsi asılmışdı. Layihə Bakıda işlənilib, hazırlanmışdı. Yəqin ki, teatrın binası öz yerində inşa edilər.

- İşğaldan azad olunandan sonra Şuşada yaşamaq, iş qurmaq üçün can atan insanlar var. Yəqin ki, onların arasında teatr, sənət adamları da var. Bununla bağlı sizə müraciətlər edilir?
- Teatrın işləməməsinə baxmayaraq, Şuşa Teatrında işləmək üçün mənə saysız müraciətlər olunur və orada yaşamaq istədiklərini bildirirlər. Amma elə adamlar var ki, söhbətindən onun Şuşaya qayıtmayacağını hiss edirsən. Elə adamlar var ki, bundan yaxşı iş yeri tapana kimi Şuşa Teatrında işləyir. Ac qalmasın, maaş alsın deyə başını hərləyir, belə adamların Şuşaya getməsindən getməməsi yaxşıdır. O adamların ürəyi Şuşa ilə döyünmür. Hətta elə adamlar var ki, aktyordur, aktrisadır, hansı kanalda çıxış edir, yaxud da çəkildiyi rollarla bağlı müsahibə verir, özünə sığışdırıb demir ki, qaçqın Şuşa Teatrında işləyirəm. Neçə nəfərə iradımı bildirmişəm ki, ayıb deyilmi, burada işləyirsən, ailənə çörək aparırsan, amma iş yerinin adını demirsən? Qələbədən sonra isə çox adam müraciət edib, Şuşa Teatrında işə düzəlmək istədiyini deyir. Hətta texniki işdə işləmək arzusunda olanlar belə var. 

Bahar Rüstəmli