Siyasət 13:06 20.02.2021

Şuşadakı məktəbin təməlini İlham Əliyev, Ərdoğan və Bağçalı birgə atacaq

"Şuşada tikəcəyimiz məktəbin əsas girişi Osmanlı və Səlcuqlu motivli çinilərlə bəzədiləcək”.

Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının müşaviri, memar Ziya Günaydın deyib.

"Şuşada quşa bənzəyən, xarıbülbül adlı çiçək var... O, bayraq tək önəmli güldür. Bu çiçəyin surətini məktəbimizin fasadına quraşdıracağıq... Qapının hündürlüyü 4 metr, eni 3 metr olacaq. Osmanlı və səlcuqlulardakı kimi böyük qapılar millətin böyüklüyünü və gələcəyini ehtiva edir”, - Z.Günaydın bildirib.

MHP sədrinin müşavirinin sözlərinə görə, binanın pəncərələrində Safranbolu, Divriği kimi türk xalq arxitekturasındakı elementlərdən istifadə ediləcək: "Məktəbin damında 30 tona yaxın bürünc istifadə ediləcək, eyni zamanda Türkiyə və Azərbaycan bayraqları yan-yana ucaldılacaq. Siniflər, müəllimlər otaqları, atelyelər kimi bir çox sahələr funksional olacaq və arxitektura ilə vəhdət yaradacaq şəkildə layihələndiriləcək”.

Xatırladaq ki, fevralın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavini, Ankaradan deputat Mevlüt Karakayanı qəbul edib. Mevlüt Karakaya Azərbaycanın işğaldan azad edilən torpaqlarında mədəniyyət və incəsənət təmayüllü məktəbin tikintisi ilə bağlı təşəbbüs barədə dövlət başçısına məlumat verib. Bu xüsusda Azərbaycanın təhsil naziri və digər rəsmi şəxsləri ilə görüşdüyünü bildirib. 

İlham Əliyev bu təşəbbüsə görə təşəkkürünü bildirib, azad edilmiş torpaqlarda aparılan bərpa və şəhərsalma işləri çərçivəsində bu təşəbbüsün nəzərə alınacağını deyib.