Video 10:44 09.09.2019

Türk reperlərin tükləri ürpərdən klipi rekord qırdı: "SUSAMAM" (VİDEO)

Türkiyədə repçi Şanışerin 17 ifaçı ilə birlikdə #Susamam (Susa bilmərəm) mahnısına çəkdirdiyi 14 dəqiqə 55 saniyəlik klip sosial mediada məşhurlaşıb.

Klipdə Türkiyədə ətraf mühit, insan haqları, heyvan haqları, ədalət, hüquq və tıxaclar kimi ictimai əhəmiyyət daşıyan mövzulardan bəhs edilir.

#Susamam klipi ilə yanaşı, rep dünyasında tanınmış daha iki nəfər, Ezhel və Ceza, ictimai mövzularda kliplər paylaşıblar.

Klip YouTube-a ötən gecə yüklənib, 12 saat ərzində videoya baxış 2 milyondan çox olub.

Twitter-də isə #Susamam həşteqi 300 mindən çox tvitlə dünya trendlərinə düşüb. Google axtarış saytında Şanışer, #Susamam və digər repçilərin adları dəfələrdə axtarılıb.

Klipdə iştirak edənlərdən biri, Kamufle BBC Türkcəyə müsahibəsində deyib ki, Şanışer ona zəng edərək 20 ifaçının 20 fərqli ictimai mövzuda mahnı hazırlamasını təklif edib.

Kamufle deyir ki, onlar mahnı üzərində iki ay işləyiblər.

Mövzular bəlli olan kimi, ifaçılar öz seçdikləri mövzu üzrə sözlər yazdılar və kliplər çəkildi.

Sonda bütün klipləri birləşdirən Şanışer olub.

Kamufle deyir ki, əsas məqsəd mövcud problemləri dilə gətirmək, məlumatlılığı artırmaqdır.

"Əslində gündəlik həyatımızda bu səbəblərdən yaranan məsələlərdən agah olaraq həlli tapılmayan, dalana girən bir dialoq içində oluruq. Fərqindəlik yaratmaqdır məqsədimiz. Bir çox məsələlərə toxunduq. Belə şeylər var idi, belə şeylər baş verir, onların fərqindəyik. Belə şeylər baş verməkdə davam edir. Görəsən niyə davam edir? Sənin ucbatından, yoxsa mənim? Məqsədimiz bunu düşündürmək, başlarda işıq yandırmaqdır", - Kamufle bildirib.
 
(BBC Azərbaycan)