Ölkə 14:16 18.01.2022

Şuşaya səfər bir nöqtəyə gediş-gəlişlə yekunlaşmayacaq - Hərbi ekspert

"Qarabağa səfər etmək istəyənlərin sayı həddən artıq çoxdur. Ona görə də hər bir insana il ərzində səfər etmək üçün bir dəfə icazə verilir”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Qarabağa il ərzində bir neçə dəfə səfər etmək istəyənlərə qoyulan məhdudiyyətdən danışarkən deyib. Ekspert bunu digər vətəndaşların da verilən imkandan yararlana bilməsi ilə izah edib.

Ədalət Verdiyev Qarabağa səfərlə bağlı təyin edilən qiymətlərin normal olduğunu vurğulayıb:



"Bu sıradan bir səfər deyil, həm müddət baxımından daha çox zaman sərf olunacaq, həm ANAMA bu işlərdə iştirak edəcək, həm də polislər cəlb olunacaq. Səfər bir nöqtəyə gediş-gəlişlə yekunlaşmayacaq. Azad olunan Şuşa və Ağdamın bir neçə məntəqəsinə, məsələn, Şuşaya gedərkən Cıdır düzünə də gedəcəklər, məscidləri ziyarət edəcəklər, şəhərdə bir tur olacaq. Qiymətlərdə həm də bələdçi xidməti var. Dövlət də çalışıb ki, insanların cibinə uyğun rəqəm olsun ki, hər kəs səfərə gedə bilsin”.

Ədalət Verdiyevin fikirincə, qiymətlərin də münasib olması hər bir insanın il ərzində azad olunan ərazilərə səfər etməsinə imkan yaradacaq:

"Biletin dəyərinə sərnişinlərin sığortası da daxildir”.

Qeyd edək ki, Qarabağa səfərlərin qiyməti açıqlanıb: Bakı-Şuşa 10.40 AZN, Bakı-Ağdam 9.40 AZN, Əhmədbəyli-Şuşa 7 AZN, Füzuli Beynəlxalq Hava Limanı - Şuşa 5 AZN, Bərdə- Ağdam 6 AZN. 

Bahar Rüstəmli