İdman 13:56 11.12.2013

Synergy Baku”nun David McQuaidı - MÜSAHİBƏ

2013-cü ildə böyük marağa səbəb olan layihələrdən biri Azərbaycanın “Synergy Baku” kontinental komandası idi. 

Bu komandanın sözün əsl mənasında əsas siması irlandiyali David McQuaiddır. O, Azərbaycan Velosiped İdmanı Federasiyasının saytına qarşıda duran əsas məqsəd və məramlarından danışıb. 2015-ci ildə Pro Continental statusu qazanmaq və mümkün qədər çoxlu azərbaycanlı velosipedçinin 2016-cı il Yay Olimpiya Oyunlarına lisenziya əldə etmək haqqında fikirlərini bölüşüb.

Müsahibəni sizə təqdim edir. 

- Vaxtilə sən özün də yürüşlərin fəal iştirakçısı idin, amma sonra bu idman növünün təbliğatına cəlb olunmusan. Zəhmət olmasa, bizə öz keçmişindən məlumat verərdin

- Düzdür, müəyyən səviyyəyə çatana qədər yarışlarda iştirak etdim, amma sonradan velosipedi bir kənara qoydum. Bəzi uğurlar da əldə edə bilmişəm və bundan hədsiz zövq alıram, çünki bu mənim üçün hər sey idi. Velosipedlə vidalaşandan sonra mən universitetin hüquq fakültəsini bitirdim. Qarşımda 2 yol var idi - ya iş axtarım, yaxud səyahətə çıxım. İkincisinə üstünlük verdim - 3 ilə yaxın Okeaniya və Asiyanı gəzib-dolaşdım. Yeni Zelandiyada olan zaman ağlıma belə bir fikir gəldi ki, Kriterium təşkil edim və beləcə mən bunu reallaşdırdım. Brayan Vennerlə iş birliyimin başlanğıcı İrlandiyaya qayıdışımla üst-üstə düşdü. Həmin vaxtlar o VTV kanalında çalısırdı və mən şərhlər zamanı velosiped idman növü üzrə məsləhətçi qismində onlara kömək edirdim. VTV vasitəsilə mən “Lanqkavi” layihəsinə qoşuldum və 12 dərgidə çalışdım. Sonra isə Brayan Venner və onun komandası ilə mən 4 il “Tour de France” veloyürüşündə media sahəsində işlədim. O illər ərzində mən çoxlu əlaqələr əldə etdim. Indi isə komandanın baş meneceri qismində burdayam və bu da mənim gələcəyim üçün çox faydalı ola -İrlandiya və Azərbaycan tamamilə ayrı ölkələrdir. Bu əlaqə necə yarandı?

- Bu, Valkenberqdə keçirilən dünya çempionati zamanı baş verdi. Baryerlərin yanında qrupları gözləyən zaman dayanıb söhbət edirdik. Öyrəndim ki, yarışda Azərbaycandan da komanda iştirak edir və onlara yaxınlaşıb tanış oldum. Təklif etdim ki, bəlkə Azərbaycanda yürüş keçirək? Bir-birimizlə əlaqə saxlamaq barədə razılaşdıq. Mənim onlara verdiyim vizit kartımda İrlandiyadakı idxal-topdan satış biznesim haqqında məlumatlar əks olunmuşdu. Azərbaycan Velosiped Federasiyasında çalışan insanlar kartımda əks olunan brendi tanıyaraq onlara kömək edib-etməyəcəyimi soruşdular. Mən isə hələ də bilmirdim ki, onlar UCİ komandası yaratmaq niyyətindədirlər, ya yox? Bu bir neçə həftə sonra yazışmalar zamanı bəlli oldu.

-Paytaxt Bakı hansı şəhərə daha çox oxşayır?

-Bakı həqiqətən də böyük şəhərdir. Üstəlik, Azərbaycan çox gözəl, təmtəraqlı ölkədir. Mənim Bakı haqqında ilk təəssüratım Dubay və İstanbulu yadıma saldı. İnsanlar, yemək, küçə oyunları və mədəniyyət mənə bir az İstanbulu, yeni, super, nəhəng binalar və infrastruktur isə Dubayı xatırlatdı.

- ‘Synergy’ nədir?

- Bu, Azərbaycan Velosiped Federasiyasına çox yaxın olan özəl kommersiya qrupudur. “Synergy” Qrup olduqca böyükdür, onların biznesi bir neçə sahəni əhatə edir: bank, otel və tikinti.

- Azərbaycan Qazaxıstan kimi neftlə zəngin ölkədir. Bu ölkənin “Astana” komandası ilə oxşarlığınız varmı?

- Bakı şəhərindən azca uzaqlaşan kimi buruq və neft nasoslarına rast gəlmək olar. Düzdür, Azərbaycan neft və qazla zəngin ölkədir, Qazaxıstanla Xəzər dənizi vasitəsilə su sərhədi var. Bəzən havada da neft iyi hiss olunur. Təlim-məşq toplanışları zamanı bəzi idmançılar üzlərində nazik neft qatının olmasından şikayətlənirlər. Amma “Astana” və “Baku Synergy” arasında regional yaxınlıqdan savayı oxşar heç bir şey yoxdur. Biz inkişaf etmək üçün yaxşı infrastruktur yaradırıq. Federasiyaya avadanlıq və müasir texnologiya baxımından kömək edirəm. Gələn həftə mən Bakıda olacam və rəhbərliyə Fransadan olan yeni baş məşqçini təqdim edəcəm. Ən yaxşılardan biri olmaq üçün çalışırıq. İstəyirik ki, dünyanın məşhur peşəkar kontinental komandasına çevrilək. Bu, strukturun əsas məqsədi olaraq qalır. Belə olacağı halda, azərbaycanlı velosipedçilər inkişaf edəcək.

- Ölkədə velosiped idman növünə maraq necədir?

- Azərbaycanda ən populyar idman növləri güləş, cüdo və boks sayılır. Velosiped idman növü isə inkişaf etməkdədir. “Tour d’Azerbaijan” velosiped layihəsi buna böyük təkan verdi. Yürüş yaxınlaşdıqca təbliğat prosesi xeylı artır və xüsusən bölgələrdə ajiotaj hiss olunur. Gələn ilki yarış 2.1 səviyyəsində olacaq. Ümid edirik ki, “Synergy Baku” mötəbər yarışlarda yüksək nəticələr göstərərək Azərbaycanda velosiped idmanının təbliği və inkişafına öz töhfəsini verəcək.

- Azərbaycanınn müsəlman ölkəsi olması sənin komandaya rəhbərlik etməyinə nə dərəcədə təsir edib?

- Heç bir təsiri yoxdur.

- Sənin komanda heyətin olduqca kosmopolitikdir – bu bilərəkdən atılan addımdır, yoxsa bir təsadüfdür?

- Müxtəlif mədəniyyətləri, dilləri və insanları birləşdirmək gözəl haldır. Əlbəttə, bu bəzi çətinliklər yaradır, amma müsbət cəhətləri mənfi halları üstələyir. Bizdə mənim həmişə qurmağa can atdığım güclü komanda ruhu mövcuddur.

- Komandanın əsas məqsədlərindən biri azərbaycanlı velosipedçiləri 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlaşdırmaqdır. Bu sahədə işlər necə gedir?

- Düz deyirsiniz. Bu iş üçün biz 3 nəfər planlaşdırırıq. Artıq bünövrə və strukturu qurmuşuq, keçən ildən yerli idmançılarla çalışırıq. Hazırda Olimpiya təsnifat mərhələsinə hələ start verilməyib. Mən müntəzəm olaraq UCİ ilə ünsiyyətdəyəm və bununla bağlı müzakirələr aparıram. Təsnifat mərhələsi başlayana qədər biz hazır olacağıq.

- 2013-cü ildə komanda yürüşündə statistik göstəriciləriniz necə olub?

- Asiya Turunda 88, Avropa Turunda isə 55 yürüşümüz olub, orta rəqəm təxminən 50-dir. Amma dəqiq bilirəm ki, biz 14 yürüşdə qalib gəlmişik, 39 dəfə isə fəxri kürsüyə qalxmışıq. 2013-cü ildə Riko Rocersin bəxti gətirmədi, o cəmi bir neçə yürüşdə qalib gəldi, amma çox vaxt ikinci olurdu.

- Sizin üçün yaddaqalan əsas anlar hansı olub?

- İnanın, bunu demək çətindir. Pozdnyakovun “Tour of Taiwan”ın birinci mərhələsində qələbəsi çox gözəl alındı, bu bizim komanda kimi ilk qələbəmiz idi. “Tour d’Azerbaijan”ın birinci mərhələsində Şvaytserin parlaq qələbəsi bizə böyük kömək oldu, çünki bu mən işlədiyim insanların gözü qabağında baş verdi. Samirin qələbəsini də unutmaq olmaz, çünki o azərbaycanlıdır. Bu qələbələr həm milli, həm də Malasiya yürüşlərində də baş verib. Şəxsi səviyyədə, Lanqkaşidəki yürüşün start xəttində yer alan idmançılara nəzər salsaq, 8-10 həftəlik gərgin məşqlərdən sonra onlar komandanın əsasını təşkil edirdilər və bu məni sevindirməyə bilməz.

-Siz 2014-cü il üçün Metyu Brammayerlə müqavilə bağladınız. O yaxşı idmançıdır?

- Bəli, mən onunla bir müddət söhbət etdim, çünki Çempionlar Sisteminin dağılacağı ehtimal olunurdu. Met mənim həmyerlim və dostumdur. Mən təklif etdim ki, biz ona müəyyən vaxta, yəni Dünya Turu komandasına qayıdana qədər öz aramızda yer verək. O hazırda bizimlədi və onun simasında komanda möhtəşəm bir idmançı əldə edib. Biz qısa bir müddətdə Peşəkar Kontinental komandaya çevrilməyi arzulayırıq və bu üzdən də bünövrəni indidən qurmaq lazımdır. Brammayer, Uolker və Aybegger bu stratigiyanın bir hissəsidir.

- 2014-cü ilə planlarınız?

Biz mövsümə bir ay öncə start vermişik və bir ay da gec başa vuracağıq. İrəlidə çoxlu yürüşlər var. Mən uşaqlardan keçən il olduğu kimi, ayda ən azı iki qələbə gözləyirəm. Eyni zamanda istərdim ki, komanda bir necə sarı köynək də əldə etsin. 2013-cü ilin sentyabr ayında Kirilin “Tour of China”da qələbə qazanması sayəsində buna nail ola bilmişdik. 2014-cü ildə biz eyni yürüş proqramı nəzərdə tutmuşuq, amma bundan başqa Avropada keçiriləcək bir neçə çətin yürüşü də proqramımıza əlavə etmişik. Əsas istəyim odur ki, komandamız nümayış etdirdiyi keyfiyyətlərini daha da artırsın. Məhz buna görə biz komandanın heyətini öz üslubumuza uyğun olaraq daha da gücləndirmişik. Indi bizim yaxşı velosipedçilərimiz, Brammayer kimi liderimiz var və biz sprint növünün inkişafı üçün işləməliyik.

-Pro Continental hələ də sizin hədəflərdən biri olaraq qalır?

-Əlbəttə, bu bizim ən çox arzuladığımız məqsədlərdəndir. Hələ ki yeni mövsümə hazırlaşırıq, amma yayın ortalarından bu haqda daha ciddi fikirləşməyə başlayacağıq. Biz bu səviyyədə 2015-ci ildən etibarən çıxış etmək niyyətindəyik.

- 2014-cü il “Tour of Azerbaijan” yürüşündə qalib gəlmək niyyətindəsiz?

- Əlbəttə bu gələn il üçün ən böyük arzularımdandır. Hədəfimiz dəyişməz olaraq qalır və bizim mart-aprel aylarındakı proqramımız bu yarışa hazırlıq məqsədi daşıyır. Istəyirik ki, 6 ən güclü komanda sırasında olaq. Amma hələ hansı komandaların bu yarışda iştirak edəcəyini bilmirəm, ola bilsin ki Dünya Turunun güclülərindən olsunlar. Amma bir şeyi sizə dəqiq deyə bilərəm - onlara ciddi müqavimət ssgöstərəcəyik.

Qaynar.info