Ölkə 17:40 19.01.2022

Tağıyevin heykəlinə zərər vuran şəxsləri hansı cəza gözləyir? - Vəkil

Hacı Zeynəlabdin Tağıyevin heykəlinə zərər vuran şəxsləri iki min manatdan dörd min manatadək miqdarda cərimə və yaxud iki ilədək azadlıqdan mərhum etmə cəzası gözləyir.

Bunu Qaynarinfo-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədov xeyriyyəçi Hacı Zeynəlabdin Tağıyevin heykəlinə vurulan zərərlə bağlı başlanılan cinayət işinə aydınlıq gətirərkən deyib. 

Vəkil  bildirib ki, 221-ci maddə ilə ən yüngül halda: min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sahib Məmmədov heykələ vurulan maddi ziyanın da ödənilməsinin vacibliyini vurğulayıb.
 


Qeyd edək ki, Səbail rayonunda xeyriyyəçi Hacı Zeynəlabdin Tağıyevin heykəlinə zərər vurublar. Səbail RPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli müəyyən olunaraq saxlanılıb. Qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.

Bahar Rüstəmli