Sənət 21:51 15.02.2015

Tanımalı olduğumuz 10 rəsm əsəri - FOTOLAR

Memar Sinan Universitetinin professoru Fuad Acaroğlu və sənət tarixçisi Osman Erdenin tövsiyələri ilə hazırlanmış "Tanımalı olduğunuz 50 rəsm əsəri" kitabında yer alan əsərləri tanımaq dünya görüşümüzü artırmaqla yanaşı, zövqümüzü də yaxşı mənada formalaşdırır. Qaynar.info buro247.az-a istinadən növbəti 10-luğu təqdim edir:

1. "Avinyonlu xanımlar" ("Les Demoiselles d`Avignon" ) - Pablo Pikasso
1881-1973-cü illərdə yaşamış dahi rəssam Pablo Pikasso təkcə rəssam kimi deyil, həm də mozaik, qrafik, dizayner və heykəltəraş kimi də bütün dünyada məşhurdur. "Avinyonlu xanımlar" əsəri rəssamın kubizm yaradıcılıq dövründə işlədiyi rəsm əsəri olaraq, onun yaradıcılığının ən gözəl nümunələrindən biri hesab oluna bilər.


2. "Amerikan qotikası" ( "American Gothic" ) - Qrant Devolson Vud
Amerikalı rəssamın çəkdiyi rəsmlərdə əsasən, Orta Qərbin kəndli və fermerlərinin həyat tərzini təsvir edir. Müəllifi olduğu ən məşhur əsər "Amerika qotikası" adlanır. Bu əsərdə gündəlik paltarları ilə qotik üslubda tikilən pəncərələrin önündə dayanmış iki insan təsvir olunub. Rəsm əsərində mistika və renessansın təsirləri açıq-aşkar özünü göstərir. Rəssamın dediyinə görə, məşhur "Amerikan qotikası" əsərində təsvir olunanlardan biri onun öz doğma bacısı, digəri isə bacısının diş həkimidir. Əsərdəki evin təsviri, güllər isə tipik amerikalı ailə həyatını təmsil edir.


3. "Veneranın doğulması" ( "Nascita di Venere" ) - Sandro Botiçelli
Florensiya boyakarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Sandro Botiçellinin sənətində dini mövzular, aristokrat meyillər daha üstündür. Saray rəssamı olduğu zaman o, Lorensonun sifarişi ilə bir sıra gözəl əsərlər, o cümlədən, mövzusu italyan poeziyasından götürülmüş "Bahar" və "Veneranın doğulması" tablolarını, həmçinin Roma papasının iqamətgahı Vatikanda Sikst kapellasının divar rəsmlərini yaradır.

Botiçellinin 1492-1497-ci illər arasında Dantenin "İlahi komediya"sına çəkdiyi illüstrasiyalar, onlarda cəhənnəmi təsvir edən səhnələr renessans dövrü kitab illüstrasiyası sənətinin ən gözəl nümunələrindən sayılır.


4. "Çəmənlikdə səhər yeməyi" ( "Le Déjeuner sur l`herbe" ) - Eduard Mane
Eduard Mane XIX əsrin fransız impressionist rəssamı kimi şöhrət qazanmış dühalardan biridir. Rəssamın "Çəmənlikdə səhər yeməyi" və "Olimpiya" adlı ilk əsərləri bütün dünya mədəniyyətinin inkişafında müstəsna rola malikdir. Məhz bu əsərlər modern rəssamlığın əsasını qoyan tablolardan biri hesab olunur və gələcək nəsil rəssamların formalaşmasına böyük təsir göstərib. "Çəmənlikdə səhər yeməyi" əsəri yağlı boya ilə çəkilib. Sözügedən tabloda çılpaq qadınla iki qara geyimli kişi təsvir edilib. Arxa fonda başqa bir qadın isə suyun içərisindədir. Eduard Mane "Çəmənlikdə səhər yeməyi" əsərini 1863-cü ildə tamamlayıb və sərgilənmək üçün Paris Salonuna təqdim edib.

Salonda rəsm əsərlərinin qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı, daha 3000 tablonu salonda nümayiş etdirməkdən imtina edir. İmtinanın əsas səbəbi kimi, əsərlərin lazımi keyfiyyətdə olmaması göstərilir. 1863-cü ildə imperator III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolar "Rədd edilənlər salonu" adlı mərkəzdə toplandı. "Çəmənlikdə səhər yeməyi" tablosu da bu salonda sərgiləndi.


5. "Yatan Venesiya" ( "Venus asleep" ) - Pol Delvaks
Pol Delvaks 1897-1994-cü illərdə yaşamış belçikalı rəssamdır. 1939-ci ildə İtaliyada qoşulduğu bir sərgidə sürrealizm cərəyanının nümunələri ilə yaxından tanış olduqdan sonra bu cərəyandan təsirlənir. Bundan sonra o, Salvador Dali yaradıcılığına yaxınlaşmağa başlayır.

Ziqmund Freyddən təsirlənən rəssam "Yatan Venesiya" tablosunda kabus görən Venesiyanı təsvir edib. Əsərdə antik Roma memarlığı və müasir geyimli qadınlar xüsusilə diqqəti cəlb edir.


6. "Qara kvadrat" ( "Black square" ) - Kazimir Moleviç
Kazimir Moleviç fransız impressionizminin qatı tərəfdarı kimi öz yaradıcılığında kubizmə geniş yer verib. "Qara kvadrat" adı ilə bütün dünyada məşhur olan əsərinə izah verərkən rəssam onun hər şeyin yox, heç nəyin tablosu olduğunu qeyd edib.


7. "Dənizə qarşı söhbət edən iki qadın" ( "Two women chatting by the sea" ) - Kamil Pissarro
Kamil Jakob Pissarro 1830-1903-cü illərdə yaşamış fransız boyakarıdır. O, impressionizmin yaradıcılarından biri hesab olunur. Yaradıcılığında K.Koronun, C.Konsteblin, J.F.Milleninin böyük təsiri olub. Əsərlərində havanın şəffaflığını və nəmliyini, yenicə yağmış yağışı, yaxud yaxınlaşan yağış havasını bütün incəliyi ilə təsvir etməyi bacaran rəssam impressionistlərin çoxundan fərqli olaraq, daha aydın və tam kompozisiya quruluşuna, forma plastikliyinə meyil edib. Onun həmçinin rəsm, akvarel, ofort və litoqrafiyaları da var.


8. "Yağış, buxar və sürət" ( "Rain, steam and speed" ) - Jozef Mallord Vilyam Turner
Jozef Mallord Vilyam Turner 1775-1851-ci illərdə yaşamış ingilis rəssamıdır. İlk yaradıcılığa başladığı dövrlərdə daha çox sulu boyaya üstünlük versə də, sonralar yağlı boyada özünü daha yaxşı ifadə edə bildiyini anlayır. "Yağış, buxar və sürət" əsərində impressionizmin təsirləri açıq-aşkar nəzərə çarpır. İngilis rəssam bu əsəri ilə müasir rəssamlığın əsas simalarından hesab edilir.


9. "Ay işığı" ( "Moonlight" ) - Pol Kli
Pol Kli 1879-1940-cı illərdə yaşayıb yaratmış məşhur dünya rəssamlarından biridir. "Blue Rider" qruplaşmasına qoşulduqdan sonra rəssam sulu boya ilə çəkdiyi əsərlər vasitəsilə böyük şöhrət qazanır. Polun əsərlərinin özünəməxsusluğu onda idi ki, onun duyğuları, inancları, musiqi sevgisi çəkdiyi tablolarda asanlıqla öz əksini tapa bilirdi. Mavi tonların müşayiəti ilə yaradılan "Ay işığı" kompozisiyası sulu boya ilə çəkilib. Rəsm əsərinə diqqətlə baxdıqda kubizmin təsirlərini asanlıqla görmək olar.


10. "Bakirənin ölümü" ( "Death of the virgin" ) - Karavakko
Bu əsərə həm də "Məryəmin ölümü" adı verilir. Karavakko 1571-1610-cu illərdə yaşamış italyan rəssamdır. İlk əsərlərini Lotto və Savoldo kimi sənətçilərin təsiri altında yaradıb. Yaradıcılığının son dövrlərində daha çox dini əsərlər yaratmağa üstünlük verən rəssam "Bakirənin ölümü" və ya "Məryəmin ölümü" əsərində öz müasirlərindən fərqli olaraq, kölgələrdən çox istifadə edib və tablonu dramatik teatr səhnəsi kimi yaradıb.


Qaynar.info