Sənət 17:03 17.06.2014

Tanınmış aktyora hücum etdilər – “Azdrama”da dava


Tanınmış aktyor Kamran Yunusun AzNews.az-a müsahibəsi böyük qalmaqala səbəb olub. Onun “Aktyorlarımız naftalin iyi verir” ifadəsi Akademik Milli Dram Teatrının yaradıcı heyətini bərk əsəbiləşdirib.

AzNews.az-a daxil olan məlumata görə, hətta Akademik Milli Dram Teatrının bir qurub aktyoru ilə Kamran Yunus arasında əlbəyaxa dava da olub. Aktyorlar Kamran Yunusi müsahibədəki fikirlərinə görə, onun üstünə hücum çəkiblər və onu ağır ifadələrlə təhqir ediblər.

Kamran Yunus AzNews.az-a açıqlamasında bu məlumatı təsdiq edib: “Müsahibədəki fikirlərim düzgün anlaşılmayıb. Sənət yoldaşlarım məni suçlayır ki, guya, mən bütün atyorları təhqir etmişəm. Əslində isə mənim Azərbaycan aktyorlarını təhqir etmək niyyətim yox idi. Çünki özüm də aktyoram. Hər bir aktyorun uğuruna sözün həqiqi mənasında sevinirəm. Mənim bütünlüklə Akademik Milli Dram Teatrının aktyorlarını təhqir etməyə nə haqqım var, nə də ixtiyarım. Hərçənd ki, mən o müsahibədə qeyd etmişəm ki, “hörümçək toru yaratmısınız”. Söhbət Akademik Milli Dram Teatrında hörümçək toru yaradan aktyorlardan gedir. Orada sözün həqiqi mənasında dəyərli sənətkarlarımız var. Amma bununla yanaşı naftalin iyi verən aktyorlarımız da az deyil. Bu irad təkcə Akademik Milli Dram Teatrının aktyorlarına aid olan məsələ deyil. Bu ümumilikdə bütün teatr aləminə aid iraddır. Demişəm ki, Azərbaycan aktyorunu dəvət edirsən, uzaqdan naftalin iyi gəlir. Mən deməmişəm ki, Azərbaycan bütün aktyorlarından naftalin iyi verir. Pislər yaxşılardan çoxdur. Bu məsələyə görə, aktyorlar mənimlə mübahisə edib, hətta davaya çıxanlar da oldu. Akademik teatrın heyəti qəbul etsə də, etməsə də düşüncə dəyişməkdədir. Hər şey zaman-zaman dəyişir. Azərbaycanın hər bir teatrında gözəl sənətkarları var. Mənim istəyim naftalin iyi verən aktyorların düzəlməsidir. Çünki onlar düzəlməsə, sənət irəli getməyəcək. Əgər Azərbaycan aktyoru yeni düşüncəyə sahib olmasa, biz bu geri düşüncəlikdən o yana keçməyəçəyik. Mənim demək istədiyim budur. Əgər kiminsə xətrinə dəymişəmsə, kimisə təhqir etmişəmsə o insanlardan üzr istəyirəm. Mən bunu təhqir etmək niyyəti ilə deməmişəm. Mən sadəcə düşüncə və varolma tərzindən danışmışam. Bu naftalin iyi verən düşüncə bizi hələ də geri salır. O boyda müsahibədə dəyərli sözləri qoyub bir cümlənin ucundan tuturlarsa bu heç də yaxşı olmadı. Bu belə olmamalıydı”.

Qaynar.info