Ölkə 17:10 05.05.2021

Tarix institutunda Heydər Əliyevin 98-ci ildönümü münasibətilə konfrans keçirilib

AMEA Tarix institutunda "Ulu öndər Heydər Əliyevin dövlətçilik ideyaları Vətən müharibəsi-İkinci Qarabağ müharibəsində qələbə kontekstində" adlı konfrans keçirilib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü yeni tarixi şəraitdə qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Vətən müharibəsi-İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycan regionun və dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilib. Bu tarixi zəfərin qazanılmasında Ulu öndərin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi sahədə həyata keçirdiyi tədbirlər, siyasi sabitliyin təmin edilməsi və ordu quruculuğundakı uğurlar möhkəm zəmin yaratmışdır. Bununla da tarixçilər qarşısında Heydər Əliyevin irsinin daha dərindən araşdırılması üçün yeni istiqamət açılmış oldu. 

Konfransı giriş sözü ilə açan Tarix institutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov Ümummilli liderin tarixi missiyasından, onun dövlətçilik ideyalarının əhəmiyyətindən və aktuallığından bəhs etdi. Konfransda institutun Əliyevşünaslıq şöbəsinin rəhbəri tarix elmləri doktoru Ədalət Qasımov, şöbənin əməkdaşları tarix üzrə fəlsəfə doktoru Tamilla Kocayeva, tarix üzrə fəlsəfə doktoru Leyla Hüseynova, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı və elmi işçi Günel Mehdizadə Heydər Əliyevin həyatı və fəaliyyətinə dair yeni arxiv materialları və faktlar ilə zəngin olan elmi məruzələr ilə çıxış etdilər. İnstitutun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Azərbaycanın sovet və respublika tarixi şöbələrinin müdirləri tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyev və professor Mais Əmrahov məruzələr ətrafında çıxış etdilər. Məruzə və çıxışlarda irəli sürülən yeni elmi müddəalar Heydər Əliyevin siyasi və dövlətçilik irsinin öyrənilməsi sahəsindəki araşdırmaları daha da zənginləşdirməyə imkan verəcəkdir. Konfransda Tarix institutunda Ulu öndərin qarşıdan gələn 100 illik yubileyi münasibətilə fundamental akademik nəşrlərin hazırlanmasına başlanılması qərara alındı.