Prezident İlham Əliyev 18 dekabr 2020-ci il tarixli "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.
Təhsil Nazirliyindən Qaynarinfo-ya verilən xəbərə görə, qanuna əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi veriləcək.
Eyni zamanda, müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında arayış veriləcək.
Qeyd edək ki, sözügedən işlər ölkədə təhsil sənədlərinin hazırlanması və verilməsi prosesinin ən son texnologiyaların tətbiqi ilə bütünlükdə elektronlaşdırılması, nəticədə bu prosesin daha çevik, sadə və şəffaf təşkili, elektron sənədlərin vahid yoxlama portalı vasitəsi ilə istənilən məkandan həqiqiliyinin yoxlanılması, təhsil sənədlərinin elektron resurslarda ömürboyu saxlanılması kimi geniş imkanlar yaradacaq.
Şərhlər