Ölkə 17:09 15.12.2017

Təhsil Nazirliyinin layihəsinə şərh: "Nə Allaha, nə 12 imama dua etməli deyilik"

Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev açıqlamasında bildirib ki, bəzi məktəblərə müəyyən çərçivələrdə fənlərlə, məzmunla bağlı muxtariyyət veriləcək:
 
"Hazırki kurikulum sistemi buna imkan vermir. İlkin mərhələdə bu çox az sayda məktəblərə şamil olunacaq. Bu məktəbləri Təhsil Nazirliyi seçəcək. Məktəblər öz fənlərini müəyyən etməkdə daha çox muxtariyyət əldə edəcəklər. Eyni zamanda, yeni standartlarda müəyyən fərqliliklər var. Belə ki, standartlara dəyərlər də əlavə olunub. Məsuliyyətlilik, çalışqanlığı tədrisin bir hissəsi kimi görürük. İlk vaxtlar kurikulum sistemində mövzu əsas rol oynayırdı. 2008-ci ildən isə bu günə qədər bilik və bacarığa əsaslanan kurikulum sistemi idi. Xeyirxahlıq, vətənpərvərlik, sevginin aşılanması yeni əlavə olunan dəyərlərdə öz əksini tapıb".
 
 

Nazirlik rəsmisinin açıqlamasını şərh edən təhsil eksperti Şahlar Ələsgərov Qaynarinfo-ya açıqlamasında 
 
"Bunlar hamısı xoş arzudur. Mən də bu sadalananların həyata keçirilməsini istəyərdim. Amma bu kimi şüarlarla məsələ həll olunmur. Məsələn, 70-ci illərdə SSRİ-də belə şüar var idi: "Bütün ölkələrin proletarları birləşsin”. Ancaq nəinki bütün ölkələr, heç Azərbaycanla Ermənistanın proletarları birləşmədi. Yəni, şüarlar heç zaman özünü doğrultmur. İndi əgər bizə vətənpərvərlik lazımdırsa, bunların metodologiyasını bilməliyik. Yəni, bunun üçün nə Allaha, nə 12 imama dua etməli deyilik. Bu işin metodologiyasına yiyələnmək lazımdır. Bu işin fəlsəfəsini, psixologiyasını bilsək, məktəbi bitirən şagirdlər də həm vətənpərvər ruhunda, həm xalqsevər, həm də qayğıkeş olar.
 
O ki qaldı məktəblərə muxtariyyət verilməsinə, hər məktəbə öz imkanlarına uyğun muxtariyyət verilməlidir. Ona bir nəzarət mexanizmi tətbiq olunmalıdır ki, direktorlar bundan süi-istifadə etməsin”. 

Nərmin Həsənli