Video 22:54 05.12.2020

Tək yaşayan koronavirus xəstələri gündəlik ehtiyaclarını necə qarşılamalıdır? (VİDEO)

Son zamanlar mağaza və küçələrdə yaxalanaraq nəzarətə götürülən koronaviruslu xəstələr qaydaları pozmalarını müəyyən səbəblərlə əsaslandırırlar. Onların əksəriyyəti deyir ki tək yaşayıram və ərzaq baxımından köməklik göstərəcək kimimsə yoxdur. Belə halda tək yaşayan koronaviruslu xəstələr gündəlik ehtiyaclarını necə qarşılamalıdırlar? 

Dünyanı cənginə alan COVID-19 pandemiyasının sürətlə yayıldığı bu dövrdə indi demək olar ki, xəstələrin müəyyən bir hissəsi evdə müalicə olunur. Lakin tək yaşayan və yaxınları olmayan xəstələr üçün bu, bir problemə çevrilir. Çünki həmin xəstələrin ərzaq və dərman ehtiyaclarını qarşılayan heç kim olmur.

Millət vəkili Kamilə Əliyeva deyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial məişət xidməti göstərən əməkdaşları yalnız ahıl və tənha olanlara bazarlıqların edilməsi və tullantıların alınması ilə bağlı xidmət göstərirlər.

Bəs gənc və orta yaşlılara kim qulluq etməlidir? Çünki qohum-əqrəbasından uzaqda və yalnız yaşayıb evdə müalicə alan onlarla gənc və orta yaşlı vətəndaş var.

Bəzi market və apteklər sifariş olunan məhsulun azlığına və məkanın uzaqda olmasına görə onlayn sifarişləri qəbul etmirlər. Kamilə Əliyeva deyir ki, belə bir məqamda sadəcə olaraq həmrəyliyimizi və birliyimizi nümayiş etdirməliyik.//Xəzər TV