Dünya 23:12 22.06.2019

Teleaparıcı İranı bombardmandan xilas elədi

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Fox News" telekanalının aparıcısı Taker Karlsonun (Tucker Carlson) məsləhətinə qulaq asaraq İran ərazisinə aviazərbələri ləğv edib.
 
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə The New York Times nəşri məlumat yayıb.

Nəşr yazır ki, prezident bir neçə gün ərzində mümkün bombardman tarixinə qədər bu addımı dəstəkləyən hərbi müşavirləri ilə məsələylə bağlı məsləhətləşmələr aparıb. Lakin Karlson bəyan edib ki, Tehranın təxribatına güc yolu ilə cavab ağılsız ideyadır və İrana qarşı müharibə başlaması Trampın 2020-ci ildə yenidən prezident seçilmək şanslarını sıfıra endirəcək.

Aparıcının bu arqumenti Trampın şübhələrini daha da artırıb.

İyunun 22-si Tramp bəyan etmişdi ki, İranla müharibə istəmir. Onun sözlərinə görə, əgər müharibə baş verərsə, bu, "görünməmiş dağıntılarla nəticələnəcək".

Bu bəyanatdan iki gün əvvəl, iyunun 20-də İslam İnqilabı Keşikçilər Korpusu bəyan edib ki, İranın cənubunda ABŞ-a məxsus "Global Hawk" uçan pilotsuz kəşfiyyat aparatını vurub.

Məlumata əsasən, insident İranın Hormozqan vilayətində, Kuhə Mubarak rayonunda baş verib. Pilotsuz aparat İranın hava məkanını pozduğu üçün vurulub. Tehran dronu İranın hava məkanını pozarkən vurduğunu deyib. ABŞ isə dronun Hörmüz körfəzi səmalarında, beynəlxalq hava məkanında vurulduğunu iddia edib.

İnsidentdən bir həftə əvvəl isə Oman körfəzində Hörmüz boğazı yaxınlığında üzən "Kokuka Courageous" və "Front Altair" neft tankerlərində partlayış və yanğın baş verib. İnsidentin səbəbləri aydın olmasa da, ABŞ İranı gəmilərə hücumda günahlandırıb.