Bölgələrdəki ali təhsil müəssisələrinə köçürülmək istəyən tələbələr üçün şərtlər daha da sadələşdirilib. Artıq bölgələrdəki universitetlərə köçürülərkən tələbəin qəbul imtahanında topladığı bal nəzərə alınmayacaq. Yeni qayda həm paytaxdan, həm də başqa bölgədən köçürülmək istəyən tələbələrə şamil edilir.
Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlovun sözlərinə görə, tələbələrin bir ali təhsil müəssisəsindən digərinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Əvvəlki qaydalara görə, tələbənin qəbul imtahanlarında topladığı bal köçürülmək istədiyi ixtisas üzrə minimal keçid balından az olmamalı idi. Lakin bu ildən etibarən bölgələrdəki ali təhsil müəssisələrinə köçürülmək istəyən tələblər üçün həmin məhdudiyyət ləğv edilir. Yeni qayda həm paytaxdan, həm də başqa bölgədən köçürülmək istəyən tələbələrə şamil edilir.
Sülhəddin Gözəlov qeyd edib ki, dəyişiklik tələblərin köçürülməsindəki maneələri azaltdığına görə bu qış tətilində müraciət edənlərin sayı ötən ilin müvafiq dövründəkindən dəfələrlə çoxdur.
Tələbələr başqa ali məktəbə köçürüldükdən sonra isə bu qərardan imtina edə bilməyəcəklər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər