Siyasət 15:27 26.03.2013

Telman İsmayılov: "Prezidentə qarşı olan təşkilatda yer ala bilmərəm" (MÜSAHİBƏ)

Rusiyada fəaliyyət göstərən məşhur azərbaycanlı iş adamı, AST Şirkətlər Qrupunun prezidenti Telman İsmayılovun APA-ya müsahibəsi :

- Keçən ilin sonlarında əsası qoyulan Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasında iştirak edənlərdən birisiniz. Təşkilatın yaradılmasına dəstəyiniz hansı səviyyədə olub?

- Bəli, bu təşkilatın yaradılmasını dəstəkləmişəm. Çünki bu təşkilat Rusiyada yaşayan azərbaycanlılar tərəfindən yaradılıb, Abbas Abbasov rəhbər seçilib. Mən də ona dəstək vermişəm. Mən iş adamıyam. Əslində indiyə kimi bizim diaspor təşkilatları yaradılanda bilavasitə iştirakçı olmamışam. Adımı götürüb təşkilatın yaradıcılarından biri kimi yazıblar. Eyni ilə Rusiya Azərbaycan Təşkilatlar İttifaqı yaradılanda da... Mən bu təşkilata dəstək vermişəm.

- Azərbaycan mətbuatında isə Rusiya Azərbaycan Təşkilatları İttifaqının Kremlin tapşırığı ilə yaradıldığı yazılır. Bunu necə şərh edərdiniz? 

 - Xəbərim var o yazılanlardan. Bunları hamısı qəzet uydurmasından başqa bir şey deyil. Mənə məlumdur ki, bütün bu informasiyaların axrasında kimlər durur və niyə durur. Ona görə də, əlavə şərh vermək istəmirəm. Rusiyada milyondan çox azərbaycanlı yaşayır. Bunlara kömək edə biləcək, əl tutacaq bir təşkilat lazımdır, belə diaspor təşkilatı yaradılıb.  

Bu təşkilatın Azərbaycan prezidentinə və ya dövlətinə qarşı yaradıldığını yazırlar. Bu tamamilə uydurmadır. Mənim Azərbaycan prezidenti ilə yaxın münasibətlərim var. Gənclik illərindən bir-birimizi tanıyırıq. Azərbaycan prezidentinə qarşı olan təşkilatda yer ala bilmərəm.

 Yəqin bilirsiz ki, mən milliyyətcə yəhudiyəm. Amma hər zaman azərbaycanlıların yanındayam. Çünki özümü hər zaman azərbaycanlı hesab edirəm.

- Hazırda Rusiyada Umumrusiya Azərbaycan Konqresi də fəlaiyyət göstərir. Siz bu təşkilatın da vitse-prezidentlərindən biri olmusunuz. İndi isə siz RATİ və “AzərRos”a dəstək verirsiniz. Bunu necə izah edərdiniz?

 - Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti göz qabağındadır. Bu təşkilat zəifləməsəydi, yeni bir təşkilat yaranmazdı. Rusiyada Azərbaycan diasporu ilə bağlı çox pis vəziyyət yaranmışdı. Rusiyda bizdən başqa hamının fəal diaspor təşkilatı vardı. Ermənilərin, özbəklərin, taciklərin diaspor təşkilatları Rusiya cəmiyyətində sayılıb seçilir. İndi bizim də belə bir diaspor təşkilatı yaradılıb. Bunun nəyi pisdir ki?! Rusiyada milyondan çox azərbaycanlı yaşayır. Belə bir təşkilatın yaradılması həmin azərbaycanlıların haqqıdır. Diaspor təşkilatına da Rusiya dövlətində və cəmiyyətində sayılıb seçilən adamı rəhbər qoymaq lazımdır. “AzərRos”a da bir ağsaqqal kimi Abbas Abbasov rəhbər seçilib. Onu Rusiya dövləti də, cəmiyyəti də yaxından tanıyır. Biz də Rusiyada fəaliyyət göstərən iş adamları kimi Abbas Abbasova dəstək verməyə hazırıq. Mən hər zaman onun və Azərbaycan diasporunun yanında olacam.

Bizim məqsədimiz Rusiyada yaşayan azərbaycanlılara əl tutmaqdır. Burada başqa məqsəddən söhbət gedə bilməz. Biz Rusiya vətəndaşlarıyıq. Buradakılar da bizim həmyerlilərimizidir. Başqa heç bir məsələdən söhbət gedə bilməz.

Qaynar.info