Vüsal Bağırlı
Ölkə 10:10 04.03.2019

Təmiz hava, saz lift və qəribə “tiktokçu”lar...

Vüsal Bağırlı

Küçələrə su səpmişəm,
Lift gələndə toz olmasın,
Elə qalxsın, elə ensin
Arada da söz olmasın 

(Azərbaycan xalq mahnısı)

Son vaxtlar ölkədə baş verən hadisələrə, ayrı-ayrı yerlərdə, bir-birindən fərqli, müxtəlif məkanlarda gedən proseslərə yalnız bir ad vermək olar, absurdluq. 

Artıq hər bir şeyin normallıqdan kənar göründüyü, məntiqi axardan çıxdığı bir zamanda yaşayırıq. Qəribəliklər baş alıb gedir.

Lap elə, məşhur amerikalı yazıçı Cozef Hellerin "Maddə 22” absurd-romanında baş verən hadisələr kimi.

Cozef Hellerin "Maddə 22” əsəri absurd fikirlərin, ideyaların bir süjet xətti ətrafında istedad və bacarıqla qələmə alınmasıdır. 

Fikir vermisinizsə, Bakıda tozun, hisin miqdarı son dövrlərdə kəskin şəkildə artmağa başlayıb. İqlim dəyişikliklərindən, coğrafi mövqedən, ekoloji pozuntulardan, küləyin istiqamətindən asılı olaraq, havaya çökən zəhərli qazlar, toz hissəcikləri get-gedə daha da çoxalmaqdadır.

Havanın birdən-birə bu cür korlanması tənəffüs yollarında, bronxlarda, ağciyərlərdə problemlərə səbəb olur, orqanizmdə geriyə dönməz dəyişikliklər yaradır. Əvvəllər bronxial astmadan əziyyət çəkmiş insan kimi, birdən-birə dəfələrlə artmış bu toz qatı nəfəsimdə ağırlaşmalar yaradır və məni olduqca narahat edir.

Digər narahatlıq doğuran məqam, liftlərin, insanları mərtəbələr üzrə mənzillərə aparmalı olan bu rahat qurğuların, yeni tikilib istifadəyə verilmiş binaların bir çoxunda texniki cəhətdən standartlara cavab verməməsi, tez-tez sıradan çıxmasıdır.

Məsələn, bir neçə ildir ki, tikilib istifadəyə verilmiş "novostroyka" binamızın lifti əsl sərgüzəşt və macəra aləmidir. Düyməni basırıq və budur lift işə düşüb xırıltılı, dığıltılı, vızıltılı səslə, şiddətli təlaş içərisində bizə tərəf yaxınlaşır. Və orada hansı sürprizlə qarşılaşacağımızı bilmirik. 

Qəflətən qapı açılarkən siz kəskin ətir iyindən bayıla və ya üfunət, ifrazat iyindən boğula bilərsiniz. Lift hərəkətdə olarkən elə silkələnir, elə titrəyir, tövşüyür ki, sanki pilləkənləri gücənə-gücənə özü çıxır.

Liftimizin əsas özəlliklərindən biri də onun qeyri-adi divarlarıdır. Burada, iti bir alət və ya açar ucu ilə işlənmiş, nəqş edilmiş mürəkkəb oyma, bəzək və naxışlara, qəlizliyi, qeyri-adiliyi ilə seçilən söyüşlərə, sevgi etiraflarına, müxtəlif rəsmlərə də rast gələ bilərsiniz və heyrətdən ağzınız açıq qalar.

Liftin digər diqqət çəkən xüsusiyyəti, onun döşəməsinin cürbəcür daş, kəsək, taxta qırığı, sellofan torba və bu tip başqa zir-zibillərlə dolu olmasıdır.
Ekspert rəyinə görə, liftlərin istifadə müddəti ən azı 25 il həddində müəyyən olunsa da, onların "novostoyka”larda, yeni binalarda sıradan çıxması bir sıra haqlı suallar yaradır.

Bəs görəsən, son illər ərzində tikilmiş binalardakı lift nasazlığına görə kimsə məsuliyyət daşımalıdır? Bu problem nə vaxt və necə həll ediləcək?

Absurdluq mövzusunun davamı olaraq əlavə edim ki, gündəlik xəbərlər içərisində, təbəssüm yaradan, əhvalı yüksəldən, insanı pozitiv istiqamətə yönəldən hadisələr də az deyil.

Məsələn, son vaxtlar ilk baxışda məntiqsiz, absurd görünən qəribə hadisə baş vermişdir. Bu "tiktokçu” adlanan gənclərin, yeniyetmələrin müxtəlif yerlərdə (çöldə, otaqda, hamamda və sair)  qısa musiqili videolar, fokuslar, roliklər göstərməsi, "tik-tok” adlı sosial şəbəkədə min oyunlardan çıxmasıdır. Təsəvvür edin ki, dünyada "tiktokçu” deyilən bir hərəkat sürətlə inkişaf eməkdə, yayılmaqdadır. Artıq, bu proqramdan 500 milyondan çox insan yararlanır. Onlar qruplar, şəbəkələr yaradır, mitinqlər, "fləşmob”lar belə keçirirlər. Necə deyərlər, "tiktokçu”laşdırılabiləbilənlərdənsinizmi?

Başqa bir maraqlı məqam, Afət Fərmanqızı adlı müğənni məşhur Hind mahnısı "Pəncu-şeş”i yeni aranjimanda təqdim edib. Onun bu addımı internetdə bir çox müzakirələrə və debatlara yol açıb. 

Hər şeyə rəğmən, mahnı sosial şəbəkələrdə, izlənmə rekordlarını qıraraq sürətlə yayılır. Musiqi parçası artıq bir trendə, fenomenə çevrilməkdədir. Şəhərin müxtəlif yerlərinə, dükana, bazara, kafeyə, restorana, işə-gücə, hara gedirsən get həmin musiqi parçası ilə rastlaşırsan.

Absurdluq ondadır ki, mahnın sözləri məşhur hürufi şair İmadəddin Nəsimiyə məxsusdur. Həmin şeirlə əlaqədar xeyli müddətdir mübahisələr doğuran bir məqamı da xatırlatmaq yerinə düşər. 

Bəziləri şeirin bir misrasında Nəsiminin "məndə sığar iki cahan” söylədiyini, digərləri isə "məndə sığar ikən cahan” dediyini iddia edirlər. Göründüyü kimi, mübahisə ilə əlaqədar, peşəkar mütəxəssis rəyinə dərin ehtiyac yaranmışdır. 

Sonda, həmin şeirdən bir beyti nəzərinizə çatdırıram:

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam. 
Ərşlə fərşu kafü nun məndə bulundu cümlə çün,
Kəs sözunüvü əbsəm ol, şərhu bəyanə sığmazam.

Gördüyünüz kimi, yazını şeirlə başlayıb, şeirlə də bitirdim. Hamınıza təmiz hava, saz lift və cahana sığmayan ürək arzu edirəm.