Ölkə 13:39 25.01.2014

Ötən il Azərbaycanda neçə müəssisə özəlləşdirilib?

Ötən il Azərbaycanda ümumilikdə kiçik özəlləşdirmə formasında 700-ə yaxın dövlət müəssisə və obyekti, 720-dən çox obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, səhmlərin satışı üzrə keçirilmiş pul hərraclarında 41, ixtisaslaşdırılmış pul hərraclarında 5, investisiya müsabiqələri vasitəsilə isə 3 səhmdar cəmiyyətinin səhmləri satılıb. Dövlət müəssisələrinin bazasında yaradılmış 28 səhmdar cəmiyyətinə idarə heyətinin sədri təyin olunub, 20-dən çox səhmdar cəmiyyətində səhmdarların birinci ümumi yığıncağının keçirilməsi təşkil edilib.

Hesabat ilində investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 57 mln. manat məbləğində investisiya qoyulub. Əvvəlki dövrlərdə investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilib və müqavilə öhdəliklərini icra etmiş 7 dövlət müəssisəsi üzrə mülkiyyət hüququ alıcılara keçib.

Bu ilin yanvarın 1-dək keçirilmiş investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilmiş 93 dövlət müəssisəsinə 882 mln. manatdan artıq həcmdə investisiya qoyulub, bu müəssisələrdə 16 500-dən artıq iş yeri yaradılıb, dövlət büdcəsinə 54 mln. manata yaxın məbləğdə pul vəsaiti ödənilib.

Ötən il dövlət büdcəsinə ümumilikdə 35 mln. manatdan çox pul vəsaitinin ödənilməsi təmin olunub ki, bu da büdcə proqnozlarının artıqlaması ilə yerinə yetirilməsi deməkdir. 5 açıq səhmdar cəmiyyətdə isə səhmlərin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı təsdiq edilib. Kiçik dövlət müəssisələrinin satışı üzrə respublikanın şəhər və rayonları üzrə keçirilmiş 180-dən çox hərracda 520-ə yaxın əmlak satılıb.

Dövlət mülkiyyətinə keçən əmlakın satışı üzrə keçirilmiş 7 hərracda 120-dən çox əmlak satılaraq dövlət büdcəsinə 48 800 manatdan çox pul vəsaiti ödənilib.

Səhmdar cəmiyyətlərinin səhmlərinin ixtisaslaşdırılmış pul hərracından, səhmdar cəmiyyətləri və kiçik dövlət müəssisələrinin güzəştli satışından 278 428 manatdan çox vəsaitin, dövlət nəfinə müsadirə olunmuş əmlakın satışından 48 809 manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib.


Qaynar.info