Ölkə 13:41 10.06.2021

"Tender şərtlərini pozaraq ailə üzvlərinin şirkətlərinə dövlət büdcəsindən vəsaitlər verirlər" (ŞƏRH)

"Təəssüf edirəm ki, dövlət büdcəsinə çıxışı olan şəxslər abadlıq, quruculuq, bər-bəzək adı altında dövlət büdcəsini sağmal inəyə çeviriblər, sağa-sola belə tədbirlər keçirərək tenderlər, satınalmalar haqqında qanunları, tender şərtlərini ciddi şəkildə pozaraq ailə üzvlərinin şirkətlərinə və ya yaxınlarına dövlət büdcəsindən vəsaitlər verirlər”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim Nazim Bəydəmirli Bakı Şəhər İcra Hakimiyyətinin paytaxtdakı binaların eyvanına gül dibçəkləri yerləşdirilməsi layihəsindən danışarkən deyib. Onun sözlərinə görə, onlar da heç bir araşdırma aparmadan müxtəlif maliyyə sxemləri ilə vəsaitləri mənimsəyirlər:

"Çox təəssüf edirəm ki, əksər məmurlar rəhbərlik etdiyi vəzifələrə ya əyləncə kimi baxırlar, ya da onların ailə üzvləri hərəsi özünə bir hobbi fikirləşib onu kampaniyaçılığa çevrirlər. Belə layihələr bələdiyyələrin, yəni vətəndaşlarla razılaşdıraraq görəcəyi işlərdir. Şəhər sakini olaraq mən də istəyərəm ki, bəzi standartlar müəyyən olunsun. Vətəndaşlar sovetlərdən qalmış binalarda yaşayırlar, damlara su bakları qoymaqla, eyvanlarda paltarlar asmaqla şəhərə pis, bədbəxt görkəm verirlər. Bunlar standartlaşdırmaq lazımdır, bəzi tələblər qoyulmalıdır. İcra hakimiyyəti orqanları, icra başçıları əsas prospektlər haqqında fikirləşirlər, digər yerlər isə gözə çarpmır. Bütün bunların hər biri kampaniyaçılıq xarakteri daşıyır”. 

İqtisadçı qeyd edib ki, müxtəlif kateqoriyadan olan vətəndaşlar gündəlik dolanışıq üçün ərzaq və digər zəruri ehtiyaclarını qarşılamağa vəsait axtarırlar:
"Vəsaitsə yoxdur. Həmin vətəndaşlar belə layihələrə pul xərclənməsini eşidən zaman etirazlar başlayır və bu, sosial ədalətsizliyə səbəb olur. Vətəndaş haqlı olaraq etiraz edir. Hesab edirəm ki, ilk növbədə hökumətin vəzifəsi hər kəsin normal və minimum yaşayışını təmin etməkdir. Neçə ki konstitutsiyada sosial dövlət anlayışı yazılıb. Uşaqpulu da daxil bütün sosial ödənişlər vaxtlı-vaxtında verilməli və insanların rifah halı yüksəlməlidir”.

Bahar Rüstəmli