Böyük Britaniyanın şəxsi maliyyə üzrə eksperti Endryu Haqqer xaricdə istirahət zamanı maliyyə itkilərinin qarşısını almağa kömək edəcək altı əsas qaydanı açıqlayıb.
Qaynarinfo xəbər verir ki, ekspert bu barədə "The Independent” nəşrinə müsahibəsində danışıb. Onun sözlərinə görə, səyahət zamanı əsas təhlükə oğurluqdan daha çox turistlərin diqqətsiz davranmasıdır:
"Xaricdə olarkən insanlar adətən istirahətə kökləndikləri üçün gündəlik həyatda olduqları qədər diqqətli olmurlar. Lakin bu, ayıqlığı itirmək üçün səbəb deyil. Hər zaman ehtiyatlı olmaq lazımdır".
1. Otelin seyfindən istifadə edin
Ekspert bildirir ki, otel seyfinin gündəlik istifadəsi üçün bir neçə avro ödəmək buna dəyər. Bütün bank kartlarını və nağd pulu üzərinizdə gəzdirmək əvəzinə, onların bir hissəsini seyfdə saxlamaq daha təhlükəsizdir.
O, həmçinin bank kartlarının arxa hissəsində göstərilən əlaqə nömrələrini əvvəlcədən qeyd etməyi və həmin siyahını da seyfdə saxlamağı tövsiyə edir. Kart itirildikdə və ya oğurlandıqda bu nömrələr vasitəsilə banka dərhal məlumat vermək mümkün olur.
2. Günlük nağd pul büdcəsi müəyyənləşdirin
Böyük məbləğdə nağd pul daşımaq məsləhət görülmür. Gün ərzində yemək, bəxşiş, ekskursiya və digər xərclər üçün təxmini büdcə müəyyən edib yalnız həmin məbləği götürmək daha məqsədəuyğundur.
Bu halda pul itirildikdə və ya oğurlandıqda bütün tətil büdcəsi riskə düşmür. Zərurət yaranarsa, əlavə vəsaiti sonradan götürmək mümkündür.
3. Kartla ödəniş edərkən yerli valyutanı seçin
Kartla alış-veriş zamanı ödənişin yerli valyutada aparılması tövsiyə olunur.
Əgər ödəniş avro və ya başqa valyutaya dərhal çevrilməklə həyata keçirilərsə, xarici bank adətən daha əlverişsiz məzənnə tətbiq edir və bu da əlavə xərc yaradır.
Ekspert səfərdən əvvəl bankın xarici əməliyyatlar üzrə komissiyalarını da yoxlamağı məsləhət görür. Bəzi banklarda bu komissiya 2,75–3 faiz təşkil etdiyi halda, bəzi kartlarla ödəniş zamanı yalnız valyuta məzənnəsi tətbiq olunur.
4. Bahalı alış-veriş üçün kredit kartından istifadə edin
Təxminən 100 funt sterlinqdən yuxarı məbləğdə alış-veriş zamanı kredit kartı ilə ödəniş etmək daha məqsədəuyğundur.
Endryu Haqqer qeyd edir ki, Böyük Britaniyada belə hallarda kartı buraxan bank satıcı ilə birlikdə müəyyən hüquqi məsuliyyət daşıyır. Məsələn, aviaşirkət iflas etdikdə və ya yaşayış yeri ilə bağlı dələduzluq baş verdikdə ödənilən vəsaiti bank vasitəsilə geri almaq mümkün ola bilər.
Bu qayda 100–30 000 funt sterlinq məbləğində olan alışlara şamil edilir.
5. Qiymətli əşyaları təhlükəsiz daşıyın
Səyahət zamanı bütün kartların yerləşdiyi iri pul kisəsi əvəzinə yalnız zəruri kart və sənədlərin olduğu kiçik pul kisəsindən istifadə etmək tövsiyə edilir.
Pul kisəsini arxa cibdə deyil, daxili və ya gizli cibdə saxlamaq daha təhlükəsiz hesab olunur. Çimərlikdə və ya hovuz kənarında isə qiymətli əşyalar üçün su keçirməyən xüsusi qoruyucu qabdan istifadə etmək məsləhətdir.
6. Bankomatlardan istifadə edərkən diqqətli olun
Nağd pul çıxarmazdan əvvəl bankomatın komissiya tətbiq edib-etmədiyini yoxlamaq lazımdır.
Ekspert turist bölgələrində yerləşən müstəqil bankomatlar əvəzinə banklara məxsus bankomatlardan istifadə etməyi tövsiyə edir. Çünki müstəqil terminallar adətən daha yüksək komissiya tutur.
Bundan əlavə, öz bankınızın xaricdə nağd pul çıxarma əməliyyatlarına görə tətbiq etdiyi komissiyanı da əvvəlcədən öyrənmək vacibdir. Bu məbləğ bəzi hallarda hər əməliyyat üçün təxminən 6 avroya çata bilər. Buna görə də tez-tez kiçik məbləğlər çıxarmaq ümumi tətil büdcəsinə ciddi təsir göstərə bilər.
Aydın
Şərhlər