Lalə Niftaliyeva
Ölkə 13:34 26.01.2018

Texnologiyanın içinə soxuşdurulmuş dini inanclar

Lalə Niftalıyeva
 
Yadımdadır ki, həmin gün güclü yağış yağırdı. Amma payız yox, yaz yağışı. Hazırlıqdan çıxıb qaçmağa başladım. Sonra düşündüm ki, qaçsam da, evə çatana kimi islanmış olacam. Ona görə də yağışın mənə yoldaşlıq etməsinə icazə verdim.
 
Yenicə evə çatmışdım ki, qapının ağzında nənəmin ayaqqablarını gördüm. Nənəm bizə yağışlı günlərdə qonaq gəldiyi vaxt bəkməzli halva bişirərdi. Rəngi tünd olduğu üçün şokoldada bənzətdiyim bu halvanı çox sevirdim. Nənəm məni islanmış görüb anama dedi ki, "Boş yerə bu hazırlıqlara pul verincə, qıza cehiz al yığ. Biş-düş öyrət. Sabah atanı söyməsinlər". Bu cür dialoqlara öyrəşmişdim. Valideynlərim mental dəyərlər və insani dəyərlər arasında qalmış bir təfəkkürə malikdir. Anam bizi sevir. Ona görə də olduğumuz kimi qəbul edir. Lakin "camaat nə deyər" təfəkküründən xilas ola bilmir. Çünki hər gün o "camaatın" murdar sözlərinin təsirinə məruz qalır. 

Mən böyüdükcə anama dəyərlərdən və mənim fikirlərimin daha önəmli olmasından bəhs edirəm. Həmin vaxtlarda anamın üzündə təbəssüm yaranır. "Nə gözəl danışırsan, tez-tez mənimlə belə söhbətlər et. Səninlə danışanda özümü yaxşı hiss edirəm" deyir.
 
Mövzumuz isə bu deyil təbii ki. Elə həmin yağışlı gündə nənəm pəncərədən yağışı seyr edib dedi ki, "Yağış damlalarının hər biri bir mələkdir. Ona görə belə günlərdə nə dua etsən, yerinə yetir". Ondan sonra bu inanc mənim şüur altımda dərin izlər buraxdı. Və mən buna inanmağa başladım.
 
Texnologiya o qədər inkişaf edib ki, bəlkə də növbəti 10, hətta 5 ildə artıq insanlar robotlarla evlənib, robot uşaqlara valideynlik etməyə başlayacaq. Bütün bunların fonunda bizim kimi kiçik cəmiyyətlərin inancları o qədər gülünc görsənir ki... Bilmirsən, göydən gələn məlkələrə acıyasan, ya bizim günü-gündən daha çox xəstələnən təfəkkürümüzə. 

İnsan başlanğıc və son nöqtə arasında olan boşluğu doldurmaq üçün cürbəcür inanclar, ideologiyalar, dinlər, Allahlar və daha nələr-nələr kəşf edir. Bizi də qınamaq olmaz vaxtımızı bir təhər öldürməliyik. Yaxşı zarafat edirəm. Deməli, əziz oxucu, bu insan övladı ki var, bu çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib. Səbəb isə şüurlu olmasıdır. Maraqlısı isə budur ki, bizim cəmiyyət bu şüurun nə mənə şey olduğundan xəbərsiz öz balaca dünyalarında yaşamaqdadır. Mənim onların dünyası ilə işim yoxdur. Lakin narahat oluram, özüm üçün, gələcəkdə dünyaya gələcək uşaqlar üçün, sizin üçün narahat oluram. Zaman bizi inkişafa aparan yeganə amildir və biz bu inkiaf yolunu tarix vasitəsilə çox gözəl müşahidə edə bilirik. Din bir zamanlar çox vacib idi. Bu inkişafın bir mərhələsi idi. Söhbət ümumbəşəri inkişafdan gedir. Lakin artıq həmin inkişaf mərhələsi bizdən yüz köynək geridə qaldı. Dünya o mərhələni artıq geridə qoyub. Həmin vaxtı dinin etdiyini indi texnologiya edir. Amma biz bu texniki tərəqqini də bilmirəm ağlımızın harası ilə qəbul etmişiksə, texnologiyanın içinə belə çürümüş, iylənmiş, kif basmış dini inanclarımızı soxuşdurmuşuq. 

Səhər avtobusa minirsən, bir də görürsən sürücünü başı üzərində qara örpəkli körpə qız uşağı olan foto və ərəbcə sayıqlamalar asıb. Və həmin təfəkkür o yazının onu qoruyacağına inanır. Sənin şüurun bu maşını yaradıb, işini asanlaşdırıb. Hələ o "10 nəfərə göndər" adı altında paylaışlan ərəbcə və ya bizim "dindar qardaşlar"ımızın boş sözlərini demirəm. "Oxu, şəkk gətirmə" başlayan bu sayıqlamalar sizin inancınızın acınacaqlı vəziyyətini göstərir. Mənim qorxduğum isə bu deyil, bundan daha betəri həmin insanların potensial qatil olmaqlarıdır. Əgər sən onlar kimi düşünmürsənsə, "Allahu əkbər" deyib başını toyuq kimi kəsməyə hazır olan təfəkkürdür. 

Bilirsənmi, əziz oxucu, mən sizin bu aqressiyalı təfəkkürünüzdən nə qədər desən, yaza bilərəm, siyahı da uzandıqca uzanar. Lakin sizə kiçik bir sirr açıb demək istəyirəm ki, nənəmin artıq 90 yaşı var və onun yaşadığı zamanda göydən məlkələrin düşməsi təbii istək idi. Lakin indi elm, texnika, tərəqqi durmadan inkişaf edir. Biz artıq yağışın yağma səbəbindən tut ilk yumurtanın ya da, toyuğun yaranması adlı suala da cavb tapmışıq. O balaca dünyanızdan bir az başınızı çıxarın ki, beyninizə oksigen daxil olsun. İndi Allah texniki tərəqqidir. Bir az da elmi nəaliyyətlər edib dua qazanın, "like"la yox!
 
Lalə Niftaliyeva