Siyasət 10:35 15.07.2020

Tezlikə bayrağımızı işğalda olan bütün torpaqlarımızda qaldıracağıq – Millət vəkili

"İnanıram ki, tezlikə Azərbaycan bayrağını işğal altında olan bütün torpaqlarımızda qaldıracağıq".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, yüksək rütbəli hərbiçilərimizin, eyni zamanda generalımz Polad Həşimovun vətən uğrunda canlarını fəda etmələri, şəhidlik zirvəsinə yüksəlmələri vətənə olan sevgidən, eləcə də orduda mübarizə ruhunun yüksək olmasından xəbər verir:
 
"Bu gün orduda xidmət etməyə yaşı çatan hər bir Azərbaycan vətəndaşının könüllü olaraq torpaqlarımızın müdafiəsi uğrunda döyüşmək əzmində olduğunu nümayiş etdirməsi də vətənpərvərlik, milli birlik hissinin göstəricidir. İndi Azərbaycan nizamlı, güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. 2016-cı ilin Aprel və 2018-ci ilin "Günnüt” əməliyyatları zamanı əldə etdiyimiz uğurlar, eləcə də hazırda Tovuz rayonu istiqamətində davam edən döyüşlər bir daha göstərir ki, Azərbaycan ordusu hərbi texnikası, peşəkarlığı, mənəvi-psixoloji hazırlığı və mübarizə əzmi ilə əldə etdiyi qələbələri təkrarlamaq gücündədir".
Vüqar Bayramov qeyd edib ki, möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən Azərbaycan ordusu ilə fəxr edir.

Bahar Rüstəmli