Vüsal Bağırlı
Ölkə 17:36 04.03.2020

Tonqal

Vüsal Bağırlı 

Evə təzə çatmışdım ki, işıqlar söndü. Qanımın qaralmaması üçün, tez əynimi dəyişib qızımla həyətə düşdüm. Bu zaman, qəfləti külək qəribə bir iyi nəfəsimizə toxundurdu.

Qızım sevinclə mənə baxdı:

– Ata duydunmu, tonqal iyi!?

Birdən yadıma düşdu ki, axı bu gün bayram günü, çərşənbə axşamıdır!? Tonqal tapmaq ümidi ilə ətrafdakı düzbucaqlı binaların həyətlərinə baş vurmalı olduq. 

Əfsus. Axtarışlar nəticə vermir.

Çar-naçar, geri qayıtmaq məcburiyyətindəyik. Qızımın üzündə narazı və küskün bir ifadə yaranır.  Lakin az sonra, vəziyyət nikbin çalar alır. Tonqal  iyini yaxında, burnumuzun lap ucunda peyda olur. İnstinktiv hissiyyata və tər ocağın gətirdiyi əsrarəngiz qoxuya tabe olaraq, məktəbin həyətinə tərəf dönürük. Evrika. Aha, demək burdaymışsan!? Bəli, tonqal tapıldı. 

Köməkləşib artıq can verməkdə olan kimsəsiz ocağı diriltməyə çalışırıq. Ətrafdakı çırpı və kiçik odun parçalarını topalayıb hədəfin üzərinə atırıq. Alovun qırmızımtıl-sarı dili canlanaraq, rəqs etməyə başlayır və  odun qalağının dik uclarını yüngülcə yalayır.

Tonqal sanki dərindən nəfəs alır, canlanır, dirilir. Üzərində uçuşaraq, gözlənilməz trayektoriyalar cızan xırda atəşciklər peyda olur.

Qızım əlini-qolunu yelləyir, tullanır, ovcunu açır-yumur. O, tonqaldan çıxan bapbalaca, oynaq qığılcımları tutmağa çalışır. Bu onun üçün çox əyləncəlidir.
Sual verir:

– Ata, Bu tonqalın balalarıdır?

Bilmirəm – deyib, çiyinlərimi çəkirəm, - yəqin ki, hə.

Bu sözlər onu daha da həvəsə gətirir. O, qaçır, dövrə vurur, rəqs edir və əhvalı əməllicə yüksəlir. 

Onun dəcəlliyi istər-istəməz mənim kefimi də duruldur. Yaxınlıqda  yaşayan sakinlər, qonşular  bizim tonqal piknikimizə qoşulurlar. Tonqalın ətrafında toplaşan adamların sayı get-gedə artmağa başlayır.

Qayıdarkən, gətirdiyimiz tüstü və atəş iyi bizi qabaqlayıb, səbirsizliklə evdəkilərə tonqal təəssüratını xəbər verdi. Beləliklə, qızımla bərabər keçirdiyim unudulmaz bir gün sona çatır.