Dövlət Toxum Fondu tərəfindən Rusiyanın Stavropol vilayətindən gətirilmiş quraqlığa və kəskin iqlim şəraitinə dözümlü 180 ton elit "Qrom” və "Krasnodar 99” buğda toxumlarının satışı həyata keçirilib. Alıcılar ödənişi həyata keçirdikdən sonra yüksək məhsuldarlıqlı toxumları Şəki şəhərində yerləşən anbardan təhvil alıblar.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Qaynarinfo-ya bildiriblər ki, toxumçuların və fermerlərin yüksək reproduksiyalı toxumlara olan tələbatlarını nəzərə alaraq toxumçuluq üçün nəzərdə tutulan elit toxumların gətirilməsi davam etdiriləcək. Bu məqsədlə artıq Stavropol vilayətində toxumçuluqla məşğul olan şirkət ilə 140 ton "Qrom” elit toxumunun gətirilməsi üçün müqavilə bağlanılıb. Müqavilənin şərtlərinə əsasən, qeyd olunan toxum oktyabrın 15-17-də ölkəyə daxil olacaq. Artıq toxum satışı ilə əlaqədar sifarişlər qəbul edilir.
Eyni zamanda Dövlət Toxum Fondu tərəfindən erkən əkilən, yüksək məhsuldarlıqlı və birinci reproduksiyalı kartof toxumlarının gətirilməsi planlaşdırılır. Toxumların sifarişi qəbul olunur və əldə etmək istəyən fermerlər Kənd Təsərrüfatı Nazirliyinin "1652” Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Şərhlər