Sənət 14:18 12.02.2015

“Toya bir gün qalmış” faciə baş verib - FOTOLAR

“Toya bir gün qalmış” faciə baş verib

Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat Xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət yazıçı-dramaturq Əli Səmədlinin yaxın günlərdə premyerası keçiriləcək “Toya bir gün qalmış” komediyasından gedir. 

Azərbaycan Respublikasının Xalq artisti, milyonlarla tamaşaçının sevimlisi Afaq xanım Bəşirqızı bu tamaşada baş qəhrəmanın obrazını canlandırır. Əsər maraqlı və gözlənilməz situasiyalarla zəngindir. Oğlunun toyuna bir gün qalmış vəzifəli şəxs dünyasını dəyişir. Onun həyat yoldaşı isə bunu hamıdan gizlətməyi qərarlaşdırır. Fikirləşir ki, ərinin ölümü toyun təxirə salınması ilə yanaşı, onların bir sıra maraqlarına da zərbə vuracaq. Beləcə, madiyyat mənəvi dəyərləri üstələyir. Ailənin başçısı – ata ölüb, ailə üzvləri isə dəfn işləri ilə məşğul olmaqdansa, toya hazırlaşır. Qəfildən kişi ayılır, bəlli olur ki, əslində o ölməyib, sadəcə, kliniki ölüm keçirib. 

Baş verənləri bildikdən sonra dəhşətə gəlir və heç kimin gözləmədiyi qəribə bir qərar verir. Təbii ki, bu qərardan agah olmaq istəyənlər yaxın vaxtlarda premyerası planlaşdırılan tamaşanı mütləq izləməlidirlər. Tamaşada bu kişinin həyat yoldaşının obrazını (QADIN) Xalq artisti Afaq Bəşirqızı ifa edir. Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, musiqi tərtibatçısı Emin Həsənovdur. Bu gözlənilməz situasiyalarla dolu komediyada səslənən musiqiləri isə tanınmış qarmon ustası, Xalq artisti Ənvər Sadıqov səsləndirəcək. Tamaşada əsas obrazları Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər və başqaları ifa edirlər. Tamaşanın baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.

Qaynar.info