Dünya 18:25 03.09.2017

Tramp, NATO və Avropa İttifaqından Şimali Koreya açıqlaması

ABŞ prezidenti Donald Tramp, NATO və Avropa İttifaqı Şimali Koreyanın hidrogen bombası sınağına münasibət bildirib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Tramp "Twitter" hesabında "Şimali Koreya böyük nüvə sınağı həyata keçirdi. Bu ölkənin sözləri və addımları ABŞ üçün təhlükə olmağa davam edir. Çin üçün də təhlükəli olan dövlətdir və Cənubi Koreya bu ölkə ilə kompromisə getməməlidir. Onlar ancaq bir şey başa düşürlər" deyib. 

NATO baş katibi Cens Stoltenberq yazılı açılamasında "Şimali Koreyanın 6-cı nüvə sınağını qınayırıq. Bu, Birləşmiş Millətlər təhlükəsizlik komissiyasının 2016-cı il noyabr ayında qəbul edilmiş 2321 nömrəli qərarının pozulması deməkdir. Sınaqlar həm ətraf mühit, həm də beynəlxalq təhlükəsizlik üçün təhdiddir" deyib və Şimali Koreyanı kütləvi qırğın silahlarını birdəfəlik məhv etməyə çağırıb.

Avropa İttifaqı beynəlxalq əlaqələr və təhlükəsizlik siyasəti üzrə təmsilçisi Federika Moqerini Şimali Koreyanın BMT qanunlarını pozduğunu və ətraf mühitə, dünya ölkələrinə təhlükə yaratdığını qeyd edib. Moqerini həmçinin bildirib ki, məsələ gələn həftə Estoniyada keçiriləcək Aİ xarici işlər nazirlərinin görüşündə də müzakirə ediləcək. 

Qeyd edək ki, Şimali Koreya bu gün 6-cı dəfə nüvə silahını sınaqdan keçirib. Hidrogen bombası atan ölkə 2 güclü zəlzələyə səbəb olub. 

Gülşən

Qaynarinfo.Az