Dünya 18:50 03.12.2019

Trampdan açıqlama: "Türkiyəni sevirəm..."

"Türkiyəni sevirəm. Prezident Ərdoğanla yaxşı münasibətlərimiz var. Türkiyə NATO-nun çox yaxşı bir üzvüdür".

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bunu Londonda NATO-nun baş katibi Yens Stoltenberqlə birgə açıqlama verən ABŞ prezidenti Donald Tramp deyib. O, Suriya ilə bağlı razılaşmanın effektiv nəticə verdiyini bildirib. Türkiyənin yaxşı müttəfiq olduğunu ifadə edən Ağ Ev rəhbəri münasibətlərin bu şəkildə də davam etdiriləcəyini söyləyib.

Tramp Bağdadinin öldürülməsi əməliyyatında da Türkiyədən böyük dəstək aldıqlarını diqqətə çatdırıb.

"Türki və türk əsgərinin tamamilə nəzarəti altında olan sahələrdən uçduq. Nə etdiyimizi, hara getdiyimizi bilirdilər. Bundan daha yaxşı kömək ola bilməzdi. Məncə bu, önəmlidir", - deyə ABŞ prezidenti bildirib.

S-400lərlə bağlı məsələyə də toxunan Ağ ev rəhbəri vəziyyəti belə şərh edib: "Ankara Barak Obamanın idarəçiliyi dövründə Patriot almaq istəyib, ancaq Obama administrasiyası dəfələrlə bildirilən tələbə müsbət cavab verməyib. Buna görə də Türkiyə Rus sistemlərinə yönəlib".

Tramp Türkiyə ilə F-35 ticarətinə isə bu cür münasibət bildirib: "İndi istər Rusiya, istərsə də Çin olsun başqa ölkəyə üz tutacaqlar. Lakin bunu etmək istəmirlər. Fikirləri dünyanın ən yaxşı qırıcılarını almaqdır. Çox sayda istyirlər və hazırda milyardlarla dollar sərmayə qoyublar".
 
Camal