Dünya 20:34 29.09.2019

Trampla Hollivud ulduzları arasında qarşıdurma

ABŞ prezidenti Donald Trampa qarşı impiçment prosedurunun başlanması xəbərlərinin fonunda şou-biznes dünyasında onun tərəfdarları və əleyhdarları arasında qarşıdurma yaranıb.

Qaynarinfo musavat.com-a istinadən xəbər verir ki, bu günlərdə məhşur aktyor, Hollivudun ən parlaq ulduzlarından sayılan Ancelina Colinin atası, aktyor Con Voyt sosial şəbəkələrdə prezidenti müdafiə edən bəyanat verib.

"Oskar” və "Qızıl qlobus” mükafatlarının laureatı sayılan Con Voyt ölkədə baş verənləri "əsl müharibə” adlandırıb.

"Bu, bizim həqiqətlərimizə qarşı aparılan savaşdır. Bu, ölkəmizi müdafiə edən və onun əvvəlki şöhrətini geri qaytaran ləyaqətli bir insana qarşı açılan müharibədir. Gəlin Trampı onun impiçmentini tələb edən bədxahların hücumundan qoruyaq”, - deyə Con Voyt müraciətində deyib. 

Amerikalı aktyor dövlət başçısına edilən hücumları radikal sol qüvvələrin həyata keçirmək istədiyi cinayət adlandırıb və son hadisələri "rəzalət” olaraq qələmə verib. Con Voytun iddiasına görə, prezidentin düşmənləri sivilizasiyanın əxlaqsızslıq prinsipləri üzrə inkişaf etməsini arzulayanlardır.

Videonun yayımlanmasından sonra 3 sutka ərzində aktyor 80 mindən çox "layk” qazanıb və onun fikirlərini 33 min istifadəçi bölüşüb.

Lakin kino dünyasında hər kəs Con Voyt kimi düşünmür. Əksinə bilindiyi üzrə aktyor və müğənnilərin əksəriyyəti ABŞ-ın hazırkı administrasiyasına qarşı müxalif mövqe sərgiləyirlər.

Bunlardan biri də tanınmş aktyor Robert De Nirodur. Amerikalı aktyor baş rolda çəkildiyi rejissor Martin Skorsezenin yeni, "İrlandiyalı” adlı fiilminin premyerasında bütün siyasi qüvvələri Donald Trampa qarşı birləşməyə çağırıb.

De Niro Ağ Evin hazırkı sahibinin əxlaq və mənəviyyat haqqında heç bir təsəvvürünün olmadığını bildirərək, onun ən aşağı keyfiyyətlərə malik insan, prezidentin komandasının isə "pis adamlar” olduğunu söyləyib.

Hollivud ulduzunu başqa bir "Oskar” və "Emmi” mükafatçısı, rejissor Spayk Li dəstəkləyib.

"Narıncı agent” getməlidir”, - deyə S.Li jurnalistin prezidentə qarşı hazırlanan impiçment barədə sualına cavab verərkən bildirib.

Ölkə rəhbərinin istefası məsələsinə aktyor Alek Bolduindən də dəstək gəlib. A.Bolduin müxtəlif televiziya proqramlarında, xüsusilə NBC-də yayımlanan "Saturday Night Live” satirik verilişində Donald Trampı parodiya etməsi ilə bilinir. 

Son tamaşasında onun ifa etdiyi "Donald Tramp” dostları sayılan vəkili Rudolf Culiani, reper Kanye Uest, Şimali Koreya lideri Kim Çen Ina zəng edərək hakimiyyətdən kənarlaşdırılması prosedurunun başlanmasında kimin günahkar olduğunu xəbər alır. Ən sonda is o, əsl təqsirkarın elə vitse-prezident Maykl Pens olduğunu öyrənir.