Şahin Cəfərli
Siyasət 21:12 30.05.2019

Türkiyə ABŞ-la anlaşmağın yolunu axtarır

Dünən Ərdoğan və Tramp arasında növbəti telefon danışığı olub. Türkiyə prezidenti məsələ ilə bağlı ortaq komissiya yaradılması təklifini şəxsən Trampın nəzərinə çatdırıb. (Daha əvvəl təklif diplomatik kanallarla qarşı tərəfə bildirilmişdi.) Bu, onu göstərir ki, Türkiyə tərəfi öz açıqlamalarının əksinə olaraq, məsələni bitmiş saymır. Müdafiə naziri Hulusi Akar bəyan edib ki, S-400 ölkəyə əvvəl planlaşdırıldığı kimi, iyun ayında gətirilməyə bilər.

Prezidentlərin telefon danışığından dərhal sonra Türkiyədə FETÖ ittihamı ilə həbsdə olan ABŞ vətəndaşı, NASA-nın əməkdaşı Sərkan Gölgə azadlığa buraxılıb.

Maliyyə bazarları bütün bu gəlişmələri müsbət qiymətləndirib və lirə dollar qarşısında bir qədər bahalaşıb.

Türkiyədə həbs olunan və terror təşkilatlarına dəstək ittihamı ilə 35 ilə qədər həbsi tələb edilən rahib Bransonla bağlı gərginlik yəqin ki, hər kəsin yadındadır. ABŞ-ın israrlı tələblərinə rəğmən prezident Ərdoğan özünə xas "Eyy Amerika!!!” ritorikası ilə rahibin təhvil verilməyəcəyini dəfələrlə vurğulamışdı. Nəticə məlumdur. Ankara İrana qarşı neft embarqosuna qoşulmaq barədə Vaşinqtondan gələn çağırışlara da eyni reaksiyanı göstərmişdi. Lakin bu günlərdə məlum olub ki, Türkiyə İrandan neft idxalını dayandırıb. Güman ki, S-400 məsələsində də ABŞ-la hansısa ortaq məxrəc tapılacaq. Düzdür, bu silahın alışından imtina etmək artıq çox gecdir, Türkiyə haqlı olaraq Rusiya ilə əlaqələrini də pisləşdirmək istəmir. Mümkündür ki, S-400 alınıb, dost ölkələrdən birinin ərazisində yerləşdirilsin. (Azərbaycanın da adı hallanır.) S-400-ü Türkiyəyə gətirmək və işə salmamaq da mümkündür. Tərəflər heç kimin ağlına gəlməyən başqa yol da tapa bilərlər...

Mövzuya dair geniş yazı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.

Şahin Cəfərli