Ölkə 10:38 25.05.2021

Türkiyə baş nazirinin ağdamlı müşaviri - KQB onu Şuşaya buraxmadı

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs Türkiyə siyasəti və ədəbiyyatının məşhur simalarından biridir.

Yavuz Bülənd Bakilər – türk şair, yazıçı və jurnalist.

Əslən azərbaycanlı olan Yavuz Bakilər 1936-cı il aprelin 23-də Sivas şəhərində anadan olub. Şairin babaları Azərbaycanın Qarabağ bölgəsindən Sivasa köçüb. Müsahibələrindən birində Ağdamdan olduğunu, babalarının XVIII əsrdə Qarabağdan Osmanlıya gəldiyini deyib.

Bakilər ibtidai və orta təhsilini Sivas, Qaziantəp və Malatyada alıb. 1960-cı ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra qısa müddət "Yeni İstanbul” qəzetində işləyib. "TRT Ankara” radiosunda çalışdığı dönəmdə müxtəlif mədəniyyət proqramlarının müəllifi olub.

1969-1975-ci illər arasında Sivasda vəkil kimi fəaliyyət göstərib.

Siyasi fəaliyyəti

Bölgə təşkilatının sədri olduğu Ədalət Partiyasından bələdiyyə sədrliyi və millət vəkilliyinə namizəd göstərilib.

1975-1976-cı illər Baş nazirlik yanında Torpaq və Kənd Təsərrüfatı İslahatı İdarəsində hüquq müşaviri, 1976-1979-cu illərdə "Ankara” televiziyasında, 1979-1980-ci illərdə isə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin müşavir müavini vəzifələrində işləyib.

Kənan Evrənin hakimiyyəti ələ keçirməsi ilə yadda qalan 12 Sentyabr qiyamından sonra turizm və mədəniyyət nazirinin məsləhətçisi təyin edilib. Bu nazirlikdəki xidmətini 1992-ci ilə qədər davam etdirib. İki il baş nazirin müşaviri vəzifəsini yerinə yetirdikdən sonra, 1994-cü ildə təqaüdə çıxıb.

Ədəbi yaradıcılığı

Orta məktəbi bitirdiyi 1953-cü ildə "Türk Sənət” jurnalında ilk şeirlərinin dərc olunmasından sonra yazıları yerli jurnal və qəzetlərdə yayımlanıb. "Hisar”, "Orkun”, "Türk Ədəbiyyatı” kimi jurnallarda şeirləri davamlı dərc olunan şairlərdən biri də Yavuz Bakilər olub. Uzun müddət "Tərcüman” və "Türkiyə” qəzetlərinə köşə yazıları yazıb. 2013-cü ildə öz istəyi ilə "Türkiyə” qəzetindəki işindən istefa verib.

Bakilər "Yalnızlıq” (1962), "Duvak” (1971), "Səninlə” (1986), "Xırman” (2003) və "Bir gün görsəm ki, gəlmisən...” kimi şeir və bir neçə araşdırma kitablarının müəllifidir. Eyni zamanda, xatirləri və səyahət qeydləri haqda da kitablarını nəşr etdirib.

Qarabağı görmək arzusu

Bakilər ata yurdunda – Azərbaycana ilk dəfə 1980-ci ildə gəlib. Həmin səfərində Qarabağa - Şuşaya getmək istəsə də, SSRİ-nin təhlükəsizlik orqanları (KQB) buna imkan verməyib. 1987-ci ildəki ikinci gəlişində isə bu arzusu həyata keçir. Bakiləri Qarabağ səfərində Azərbaycan şairi Bəxtiyar Vahabzadə müşayiət edib. Ağdama getsə də, yenə də Şuşanı görə bilməyib.

Azərbaycan sevdalısı şair kimi tanınan Bakilər ata yurdu haqda çoxsaylı şeirlərin ("Qarabağ həsrəti”, "Qarabağ”, "Azərbaycan”, "Azərbaycan – şahdamarım”, "Anamın türküləri” və s.) müəllifidir.

Mənbə: Teleqraf.com