Siyasət 12:33 29.11.2013

Türkiyə parlamentində Azərbaycan tənqid olundu


Türkiyə parlamentinin tribunasından çıxış edən Hasip Kaplan Türkiyənin Azərbaycanla bağlı siyasətini tənqid edib.

Qaynar.info
modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında arxiv işi sahəsində “əməkdaşlıq Protokolu”nun müzakirəsi zamanı tribunadan söz alan millət vəkili deyib ki, müzakirə ediləcək daha önəmli məsələlər olduğu halda, məmurların da müzakirə edə biləcəyi hansısa arxiv sənədini parlamentə gətiriblər.

“Azərbaycana qardaş deyisiniz. Qardaş da qardaşa viza tətbiq edərmi?! Qardaş qardaşa qazı baha qiymətə satarmı?!”, - deyə, millət vəkili parlament tribunasından ritorik sual edib.

Cənab Kaplan deyib ki, bölgədə son dövrlərdə siyasi danışıqlarda intensivlik müşahidə olunur: xarici işlər naziri Əhməd Davudoğlunun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti toplantısına gedəcəyi gözlənilir, Rəcəp Tayyip Ərdoğan Amerika səfəri, Məsut Bərzani və İlham Əliyevlə görüşdükdən sonra Vladimir Putinlə danışıqlar aparıb, bölgədə enerji layihələrini müzakirə edib:

“Qafqazlarda enerji layihələrinə aid protokollar olduğu bir vaxtda hansısa arxiv razılaşmasını parlamentdə müzakirəyə çıxarmaq yersizdir”.

Qeyd edək ki, Hasip Kaplan parlamentdə  Barış və Demokrasi Partiyasının (BDP) fraksiyasında təmsil olunur.

Qaynar.info