Dünya 10:58 15.11.2019

Türkiyə S-400-ləri Azərbaycana sata bilər... (ŞƏRH)

"Fikrimcə, iki dövlət arasındakı münasibətlərdə mənfi gedişlər durduruldu". 

Bu sözləri Qaynarinfo-ya politoloq Qabil Hüseynli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında keçirilən görüşü dəyərləndirərkən söyləyib. 

Siyasi ekspertin fikirlərinə görə, bu görüşdən sonra Türkiyə Rusiya ilə münasibətində daha ehtiyatlı olmalıdır: "Ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması barədə razılaşma əldə edildi, NATO ilə əlaqələrin daha da gücləndirilməsiylə bağlı Türkiyə öz sözünü dedi və Ərdoğan Fransa prezidenti Makronun NATO ilə bağlı fikirlərini tənqid etdi. Əsas məsələ odur ki, Senatın bir üzvü qəti sürətdə bildirdi ki, Konqresin qəbul etdiyi qondarma "erməni soyqırı" layihəsinin Senatdan keçməsinə imkan verməyəcək. Trampın da çıxışı bu məsələdə diqqət çəkən idi. O isə qanunvericilik orqanının tarixçi rolunda çıxış etməsi və yenidən tarix yazmasının məqsədəuyğun olmadığını bildirdi. Demək olar ki, Türkiyə üçün ən təhlükəli olan qondarma "erməni soyqırı"mının ABŞ tərəfindən tanınması prosesi baş tutmaya bilər. Bunun ehtimalı böyükdür.
 
Amma Suriya məsələsində mövqelərdə müəyyən çatışmazlıq qalır. Amerika tərəfi PKK-nı terrorçu təşkilat kimi tanısa da, YPG-nı terroçu təşkilat kimi yox, Suriyanın demokratik qüvvəlləri adı altında qəbul edir. Eləcə də onun başçısı Məzlum Kobanini... Türkiyə tələb etsə də, bu məsələyə müsbət reaksiya vermir. Fətullah Gülənin də Türkiyəyə təqdim edilməsi haqqında edilən çağırış müsbət cavablandırılmayıb. Əslində bu, prezidentin işi deyil, məhkəmələrin işidir. Deyirlər, məhkəməyə verin və o yolla həll edə bilirsinizsə, həll edin. Yaxşı ki, yolun yarısından da olsa ABŞ-Türkiyə münasibətlərinin yaxşılaşmasına doğru dönüş edildi və güman edirəm ki, Ərdoğan bundan sonra dilinə sahiblik edəcək və Rusiya ilə münasibətlərdə ehtiyatlı olacaq. Lavrovun "erməni soyqırımı” abidəsinə gül çələngi qoymasından da ibrət dərsi götürəcək və başa düşəcəklər ki, rusun ipi ilə quyuya düşmək olmaz". 
 


Qabil Hüseynli "Röyter" nəşrinin Trampın S-400-lərdən imtina etməsi üçün türk həmkarı Ərdoğana təzyiq etdiyi iddiasına münasibətində bildirdi ki: "Təzyiq ola biləcəyini ehtimal etmirəm. Bu, artıq baş vermiş faktdır. S-400-lər haqqında deyilənlərin də şahidi olmalıdır. Halbuki verilən məlumatlarda o göstərilmir. S-400-lərin taleyinə gəlincə isə, bəzi məsələlər bunu tələb edərsə, bəlkə də Türkiyə manevr edərək həmin S-400-ləri türkdilli dövlətlərdən birinə, məsələn elə Azərbaycana satar. Məsələnin bu variantı da mümkündür. Amma mənim məlumatıma görə, ABŞ S-400-lər haqqında təkidli mövqe tutmayıb".

Politoloq açıqlamasında bu görüşün hər iki ölkəyə nə qazandırdığını isə belə izah edib: "Ticarət dövriyyəsi artacaq, ABŞ sanksiyaları tədbiq edilməyəcək, Suriyada da yavaş-yavaş uzlaşma əldə etmək üçün yollar axtarırlar. Yəni, Amerika ilə Türkiyə arasındaki əvvəlki münasibətləri geri qaytarmaq üçün lazımı işlər görüləcək. Burada Türkiyənin üzərinə daha çox yük düşür. Türkiyə də bunu etməlidir, edəcək. Etməyəcəksə, Ərdoğan onda özü üçün peşmançılıq çəkmək məcburiyyətində qalacaq. Ərdoğan hakimiyyəti uzun müddət tutan deyil ki... Elə indidən onun yerinə ən azı 2-3 namizəd hazırlanmaqdadır və ölkədə vaxtından əvvəl seçkilər keçirilməsi ehtimalı da yüksəkdir. Rusiya ilə münasibətlər yox, Qərblə münasibətlər Türkiyənin xarici siyasətinin prioritetidir. Bu münasibətlər qaydasında olmadığı təqdirdə, onun hakimiyyətdə qalması xeyli çətin olacaq". 

Röya Kərimli
Qaynarinfo