Dünya 10:44 02.06.2020

Türkiyə səfiri Yunanıstan XİN-ə çağırıldı

"Türkiyə Petrolları Anonim Ortaklığı" şirkətinin Aralıq dənizində neft axtarışları ilə bağlı əlavə kəşfiyyat liseniyası üçün müraciət etməsi Yunanıstanla Türkiyə arasında yenidən gərginliyə səbəb olub.
 
Qaynarinfo xəbər verir ki, bu səbəbdən Türkiyənin Afinadakı səfiri Burak Özügergin Yunanıstanın Xarici İşlər Nazirliyinə çağırılıb. Yunan tərəfinə Türkiyənin mövqeyini bildirən səfir Ankaranın Aralıq dənizindəki fəaliyyətlərinin beynəlxalq hüquq normaları çərçivəsində olduğunu və dialoq çağırışlarına Yunanıstan tərəfdən cavab gəlmədiyini deyib.

Özügərgin həmçinin Kipr məsələsi, məhdudiyyətlər də daxil olmaqla Şərqi Aralıq Dənizi mövzuları, karbohidrogen axtarışları və çıxarılması, Liviya və bir bütün olaraq bölgə haqqında Türkiyənin münasibətinin açıq və şəffaf olduğunu diqqətə çatdırıb.

"İki qonşunu sadəcə danışması üçün deyil, bir-birini dinləməsi üçün də heç vaxt gec deyil. Ən əsası qonşuların bir-biri haqqında deyil, bir-biri ilə danışmasıdır", - deyə səfir bildirib.

Qeyd edək ki, "Türkiyə Petrolları Anonim Ortaklığı" şirkəti Türkiyənin suları xaricində əlavə 7 neft quyusu qazılması barədə lisenziya verilməsi üçün müraciət etmiş, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Mədən və Neft İşləri Baş İdarəsinin qərarı mayın 30-da rəsmi qəzetdə dərc edilmişdi. Rəsmi Afina isə sözügedən qərarın Yunanıstanın suveren hüquqlarını tapdalamaq üçün yeni addım olduğunu bildirmişdi.
 
Camal