Dünya 10:48 20.02.2020

Türkiyə XİN məlumat yaydı: Suriya ilə bağlı üçtərəfli sammit gündəmdə

Rusiya, Türkiyə və İran Suriyadakı vəziyyətlə bağlı üçtərəfli sammitin tarixini razılaşdırırlar. 

Qaynarinfo xəbər verir ki, bu haqda fevralın 20-də, TASS-a Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Tərəflər sammitin keçiriləcəyi tarix barədə razılığa gəlmək üçün çalışırlar. Üç ölkə arasında razılıq əldə edildikdən sonra zirvə görüşünün tarixi ictimaiyyətə açıqlanacaq", - məlumatda deyilir.

Bu ərəfədə Rusiya xarici işlər nazirinin müavini prezidentin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov TASS-a bildirib ki, martın əvvəlində Suriyanın nizamlanması ilə bağlı üçtərəfli danışıqlar Tehranda aparıla bilər.

Fevral ayında Suriya ilə bağlı Rusiya-Türkiyə məsləhətləşmələri baş tutub. Daha sonra Ankara görüşün nəticəsizliyindən narazılığını ifadə edərək, Moskva ilə münasibətlərin pisləşməsində maraqlı olmadıqlarını və buna görə görüşləri davam etdirmək niyyətində olduqlarını bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskva və Dəməşqi Suriyadakı mülki şəxslərə hücum etməkdə günahlandırıb. Rusiya Soçi razılaşmalarına əməl etməyə davam etdiyini və mülki əhaliyə hücum etmədiyini qeyd edərək bu məlumatı təkzib edib.

Xatıladaq ki, Suriyada münaqişə 2011-ci ildən bəri davam edir. 2015-ci ildə Rusiya Silahlı Qüvvələri rəsmi Dəməşqin dəvəti ilə bu ölkəyə qoşun yeridib. İki il sonra Rusiya komandanlığı hərbi əməliyyatın aktiv mərhələsinin başa çatdığını elan edib. Hazırda respublikanın müəyyən bölgələrinin terrorçulardan təmizlənməsi davam edir.
 
Alpər