İstanbul Universitetinin Siyasi Elmlər və Beynəxalq Münasibətlər üzrə doktorantı Teymur Qasımlı Türkiyədə bələdiyyə seçkiləri və sonrasında baş verənlər haqqında Eurasia Diary üçün eksklüziv açıqlamalar verib.
Osmanlı dövlətində mütəşəkkil yerli idarəetmə orqanları mövcud olmasa da, bu xidmətləri göstərən bir sıra yerli inzibati orqanlar fəaliyyət göstərmişdir. Xidmətlər bir tərəfdən dövlət, digər tərəfdən isə yerli xalqın öz daxilində yaratdığı təşkilatlar tərəfindən göstərilirdi. Osmanlıda bələdiyyə ilk dəfə 1868-ci ildə İstanbulda yaradılmış və bütün İstanbul 14 bələdiyyə idarəsinə bölünmüşdür.
31 mart 2019-cu ildə Türkiyədə növbəti bələdiyyə seçkiləri keçirildi. Konstitusiyaya və seçki qanununa əsasən, bələdiyyə seçkiləri hər 5 ildən bir keçirilməlidir. 57 milyon nəfərin səsvermə hüququ olan seçkidə 30 metropolis, 51 vilayət, 922 rayon və 386 qəsəbənin bələdiyyə sədrliyi uğrunda 8 min 270 namizəd mübarizə aparmışdı. 31 mart bələdiyyə seçkilərində 12 siyasi partiya iştirak etmişdi. Ədalət İnkişaf Partiyası ilə (AKP) onu dəstəkləyən Milliyetçi Hareket Partiyası (MHP) "Cümhur ittifaqı" adı altında seçkilərdə birgə iştirak etdilər. Müxalifətdəki Cumhuriyet Halk Partiyası, İyi Partiya, Demokrat Partiyası və Saadet Partiyası isə iqtidar ittifaqının qarşısında "Millət ittifaqı" adı altında birləşmişdilər.
Bələdiyyə seçkilərini qalibi kim oldu?
31-mart seçkiləri Türkiyə tarxində baş vermiş ən sərt bələdiyyə seçkiləri oldu. Səs vermə hüququna malik 57 milyon 93 min 410 nəfərdən, 43 milyon 651 min 815 nəfəri səsvermədə iştirak etmişdir. Seçkinin rəsmi nəticələrinə görə AKP-MHP birliyi qələbə qazanmışdır. Hər iki partiya birlikdə 51,4 faiz səs toplayıb. Səs verənlərin 21 milyon 864 min nəfər AKP-MHP birliyinə səs verib. Millət İttifaqına isə 37,64 faiz səs verilib. AKP-MHP birliyi 52 şəhər və 681 rayon bələdiyyəsi üzrə seçimlərdə qalib olub. CHP-İYİ partiyaların birliyi isə 21 şəhər və 209 rayon bələdiyyəsi üzrə seçimlərdə qələbə əldə edib. Üç böyük şəhər: Ankara, İstanbul və İzmirdə AKP-MHP birliyinin namizədləri məğlub olub. Lakin Ankara, İstanbul və İzmir şəhərlərində yerləşən rayon bələdiyyələrinin bir çoxunun seçimində AKP-MHP birliyi qalib olub.
Ankarada şəhər bələdiyyəsi seçkilərini CHP-İYİ birliyi qazanıb, amma 25 rayon bələdiyyəsi seçkilərindən 3-nü CHP, 3-nü MHP, 19-nu isə AKP qazanıb. Ankara bələdiyyə məclisində AKP-MHP birliyi üstünlük təşkil edir. CHP-İYİ birliyi İstanbulda da şəhər bələdiyyəsi seçkilərinin qalibi olub. İstanbulda 39 rayon bələdiyyəsi seçkilərindən 1-ni MHP, 14-nü CHP, 24-nü isə AKP qazanıb. MHP ilk dəfə bu seçkilərdə İstanbul rayon bələdiyyəsi seçkilərində qalib olub. İstanbul şəhər bələdiyyə məclisində də AKP-MHP birliyi üstünlük təşkil edir. İzmir şəhər bələdiyyəsi seçkilərini də CHP-İYİ ittifaqı qazdı. İzmir şəhərində 30 rayon bələdiyyəsi seçkilərinin 1-ni İyi partiyası, 1-ni MHP, 4-nü AKP, 24-nü isə CHP qazanıb. İzmir şəhər bələdiyyəsinin məclisində üstünlük CHP-İYİ partiya birliyinin əlindədir.
Türkiyədə seçkilərdən sonra nələr dəyişəcək?
Aprel ayının 1-də Türkiyə vətəndaşları seçkilərin nəticələri ilə təəccübləndi. Çünki uzun mübarizədən sonra İstanbul Böyük Şəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu seçilmişdi. Bu seçkilərin məşhur adamı İmamoğlu oldu. Seçkilər bitdi və qiymətlər yenidən bahalaşdı. Türkiyə gündəm soğan, kartof, pomidor, bibər kimi ərzaqların qiymətlərinin artmasıdır. Dolların kursu qalxır və enir. Seçkidən sonra Maliyyə Naziri Berat Albayraq islahatlar təqdim etdi. Əsas mədsəd xarici iş adamlarını ölkəyə cəlb etmək hesab olunur. Bir sözlə iqdisadiyyat təhlükəli vəziyyətdədir. Ölkənin sərhədlərindən kənarda da təhlükəli hadisələr baş verir. Suriya Türkiyənin əsas hədəfidir. Bundan başqa S-400 gündəmdədir. Seçkilərdən sonra Ərdoğan kürəkəni olan maliyyə naziri Berat Albayrağı, Milli Müdafiə Naziri Hulusi Akarı və iki yaxın adamını ABŞ-a göndərdi. Əsas mədsəd S-400 haqqında və Beynəlxalq Valyuta Fondunun rəhbərliyi ilə görüşmək idi. Türkiyə S-400 almaqdan imtina etsə, Rusiya və Suriyanı itirə bilərdi. Çünki Rusiyadan başqa Türkiyə-Suriya məsələsində dəstək verən yoxdur. Əgər Türkiyə S-400-ü əldə etsə, ABŞ-ın bu mübarizədə məğlub olacağı güman edilir. Çünki ABŞ Türkiyənin S-400-ü almasını istəmir. Bununla birlikdə, ABŞ Türkiyə ilə əlaqələrini də itirmək istəmir. Fikrimcə, ABŞ-Türkiyə əlaqələri hər zaman yaxşı olub və belə də davam edəcək. Çünki ABŞ-ın Türkiyəyə ehtiyacı var. Türkiyə Rusiyanı hər zaman özünə təhlükə olaraq görür. Ona görə də Türkiyə Rusiya ilə əlaqələri gücləndirmək üçün qarşıda duran problemləri həll etməyə çalışır. Hal-hazırda Türkiyənin həm Yaxın Şərqdə, həm Orta Asiyada, həm də Qafqazda Rusiya dövlətinə ehtiyacı var.
Ərdoğanın daxili və xarici siyasətlə bağlı işi olduqca çətindir. Seçkilərdən əvvəl yeni partiyanın yaradılacağı barəsində fikirlər yayılmışdı. Ədalət İnkişaf Partiyası içindəki müxaliflərin artacağını bildirdi. Türkiyə-İraq sərhədində Türkiyə ordusundan iki əsgər şəhid oldu. Şəhid əsgərin Ankaradakı dəfn mərasimində Kamal Qılıncdaroğlu iştirak etdi. Bu hücumun qınayanlar çox oldu. Sabiq prezident Abdullah Gül və Baş Nazir Əhməd Davudoğlu öz şəxsi twitter səhifələrində bu hücumu qınadılar və bu iqtidarı sətir altı tənqid obyektinə çevirdilər. 22 apreldə sabiq Baş Nazir Əhməd Davudoğlu öz şəxsi Facebook səhifəsində 31 mart bələdiyyə seçkiləri ilə əlaqədar açıqlama verdi. O açıqlamasında iqtidarı sərt tənqid etdi. Bununla da Türkiyə gündəmi dəyişdi. Yeni partiyanın qurulması üçün siqnallar verilməyə başladı. Ancaq bu partiyanı kimin yaradacağı hələ də bəlli deyil. Bu partiyanın sabiq prezident Abdullah Gül və nazir Əli Babacan, yoxsa Əhməd Davudoğlu yaradacaq? Bu Türkiyədə yeni siyasi proseslerin başlanmasının bir göstəricisidir. Bu çətinliyi aradan qaldırmaq üçün Ərdoğanın Milliyyətçi Hərərkat Partiyasına və dövlətin isə Baxçalıya çox ehtiyacı var.
Fikrimcə, Türkiyə Respublikasının qurulmasının iki məqsədi var. Birinci məqsəd ölkə ərazisinin bütövlüyünü və vətəndaşların təhlükəsizliyini qorumaqdır. İkinci məqsəd ölkənin iqtisadiyyatını gücləndirmək və ölkəyə pul qazandırmaqdır. Onların məqsədi nə Türk birliyi nədə ki, İslam birliyi qurmaqdır. Burada əsas məqsəd dövlət maraqlarıdır. Türkiyənin gündəm məsələsi vətəndaşların rifahıdır. Hal-hazırdı Ərdoğan növbədən kənar seçkilərdə iştirak etsə məğlub ola bilər. Ancaq Ərdoğan növbəti seçkilərin 2023-cü ildə keçiriləcəyini bilir. Ərdoğanın əsas məqsədi ölkə iqtisadiyyatını gücləndirməkdir. Ərdoğan ölkədəki bütün idarə orqanlarında söz sahibidir. Buna görə də, 2023-cü ildəki seçkilərin gərgin olacağı görünür. Türkiyə dövləti siyasi gündəmi tez-tez dəyişən ölkədir. 2023-cü ildə keçiriləcək seçkilərdə hər şey olar bilər. Ərdoğan yenidən qalib gələ də bilər, məğlub ola da. Son sözü Türkiyə vətəndaşları deyəcək.
Şərhlər