Ölkə 18:45 14.10.2021

Türkiyədə mənzil alan azərbaycanlıların sayı bu səbəbdən artır - Ekspert

"Azərbaycandan Türkiyəyə yaşamaq, işləmək üçün gedənlərin sayının artması orada mənzil alanların sayının da artmasına səbəb olub”.

Bunu Qaynarinfo-ya açıqlamasında Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı sentyabrda avqust ayı ilə müqayisədə Türkiyədə mənzil alan azərbaycanlıların sayında baş verən artımın səbəblərindən danışarkən deyib:

"Burada müxtəlif faktorlar rol oynayıb. Ən vacibi odur ki, Türkiyədə yaşayan azərbaycanlıların sayı durmadan çoxalır. Azərbaycandan Türkiyəyə axın hər il artır. Onlar oraya yaşamaq, işləmək, müvəqqəti məskunlaşmaq, oxumaq üçün gedirlər. Belədə ölkəmizdə Türkiyəyə gedənlərin sayı artır ki, bu da öz növbəsində qardaş ölkədə mənzilə sahib olanların ildən-ilə artmasına səbəb olur”.

Ekspertin sözlərinə görə, belə vəziyyətin yaranmasında azərbaycanlıların Türkiyəyə daha çox investisiya yatırması da rol oynayır:

"Azərbaycan vətəndaşları bir sıra ölkələrə investisiya qoyur. Bu ölkələr arasında Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya və Qazaxıstan üstünlük təşkiil edir. Sadaladığım digər 4 ölkə ilə müqayisədə azərbaycanlılar bir sıra hüqiqi və siyasi risklərin aşağı olması səbəbindən Türkiyəyə daha çox investisiya yatırır”. 
İqtisadçının fikrincə, bu tendensiyaya gəlirlik dərəcəsi də təsir göstərib:

"Sahibkar vətəndaşımız düşünür ki, Bakıya investisiya qoymaqdansa, bunu Türkiyədə etmək daha çox gəlir gətirəcək. Bu kimi faktorlar səbəbindən Türkiyədə daşınmaz əmlak alan soydaşlarımızın sayında hər il artımın baş verdiyinin şahidi oluruq”.

Rüfət Sultan