Dünya 16:10 28.01.2020

Türk zabit ölkəsini Rusiyaya necə satıb? - Rus kəşfiyyatçının xatirələri

Bir qrup təqaüdçü türk zabiti dövrün baş naziri Adnan Menderesi devirmək üçün Moskvadan yardım istəyib.

Qaynarinfo xəbər verir ki, bunu Sovet hərbi kəşfiyyatının keçmiş agenti Leonid Medvedko deyib. SSRİ 1956-cı ildə Türkiyə sərhəddinə yaxın ərazilərdə hərbi təlim keçirmək üçün ona Türkiyənin nəhəng hərbi xəritələrini tapmağı tapşırıb. Bu dövrdə bir türk zabiti ilə tanış olduğunu deyən Medvedko onun barəsində araşdırma apardığını və əlavə məlumat toplamaq üçün dəfələrlə yemək yediklərini qeyd edib.

"Sonda keçmiş polkovnikin xəritələri tapmaqda mənə kömək edəcəyini başa düşdüm. Əlbəttə ki, pul qarşılığında... Daha sonra Türkiyə Baş Qərargahının xəritələrinə olan marağımı açıq şəkildə dilə gətirdim. Onun beynində isə başqa məsələlər var idi. Digər vəzifəlilər və ya təqaüddə olan hərbçilər kimi o da dövrün baş naziri Adnan Menderesə nifrət edirdi. Mənə Menderesi devirməyə yardım edəcəyimiz təqdirdə xəritələri verə biləcəyini dedi. Mən isə ona Türkiyə baş nazirini devirməyin bizim işimiz olmadığını izah etdim", - deyə Medvedko bildirib.

Keçmiş kəşfiyyatçı türk zabitlə aralarında olan söhbəti Baş Kəşfiyyat İdarəsinin Türkiyədəki nümayəndəsinin Moskvaya çatdırdığını söyləyib. Medvedko Baş Kəşfiyyat İdarəsinin bunun Türk kəşfiyyatının planı ola biləcəyini düşündüyünü və ona dərhal əlaqələri kəsmək barədə təlimat verildiyini deyib. O, yenə də buna inanmayaraq, Moskvadan təlimat gəlməsinə baxmayaraq türk zabitlə görüşüb. Sonda pul qarşılığında təqaüddə olan polkovnikin İstanbuldakı bir limanın müvəqqəti yük saxlama bölməsinə qoyduğu 400 səhifəlik xəritəni əldə etməyə müvəffəq olub.

"Xəritələri götürməyə gedəndə çox həyəcanlı idim. Bunun tələ ola biləcəyindən qorxurdum. Amma elə deyilmiş. Hətta 400 səhifənin içərisində Suriyanın da xəritələri var idi", - deyə o, bildirib.

Bəzi ölkələrdə jurnalist kimliyi ilə fəaliyyət göstərən Medvedko SSRİ-nin Moskva səfirliyində hərbi attaşenin tərcüməçisi, həmçinin İstanbulda hərbi dəniz atteşeliyində tərcüməçi olaraq 6 il çalışıb.
 
Camal