Video 12:29 22.11.2018

Türkiyənin dünyanı silkələyəcək filmində azərbaycanlı məşhur rol aldı (VİDEO)

Dünən İstanbulda azərbaycanlı aktyor Namiq Rüstəmxanlının çəkildiyi "Deliler Fatih'in Fermanı" filminin təqdimat mərasimi keçirilib.

Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, qala gecəsində baş rol ifaçısı Cem Uçan Sabir, Tənzilə və Cəmil Rüstemxanlıya öz təşəkkürlərini bildirərək filmin həyata keçməsində onların böyük rolu olduğunu vurğulayıb:

"Dünya standartlarında film çəkməyə çalışdıq. Necə deyərlər, qan, tər və göz yaşıyla çəkdik. Filmdə Çox önəmli aktyorlar rol alıb. Bu günə qədər film bizim idi. Bu gündən etibarən o Türkiyədəki 80 milyon dəlinin filmi olacaq”.

Uçan bildirib ki, filmin çəkilişlərinə bir il hazırlaşıblar:

"Dörd ay ərzində bütün aktyor yoldaşlarımızla peşəkar bir komandadan döyüş dərsi aldıq. İstər fiziki, istərsə də zehni və duyğusal baxımdan böyük əziyyət çəkmişik. Filmdə bir çox aktyorlar zədə aldı. Mən 3 dəfə atdan yıxıldım. Amma bunlar bizi heç vaxt qorxutmadı”.

Aktyor İsmayıl Filiz təəsüratlarını belə ifadə edib:

"Dəlilər tarixin tozlu səhifələrində qalan bizim həqiqi qəhrəmanlarımızdır. Öz qəhrəmanlarımızı təkrar xatırlatmağa və türk tamaşaçısı ilə görüşdürməyə çalışırıq”.

Layihədə "Vlad Tepeş" xarakterini canlandıran Erkan Petekkaya də böyük əmək sərf etdiyini vurğulayıb:

"Bu filmdə texniki komanda, qrim və saç ustalarının və geyimlərimizi hazırlayan modelyerlərin böyük əməyi var. Filmi izləyəndə görəcəksiniz ki, hər şey çox çətin idi. Əvvəlcə bütün texniki heyətə və bu işdə əməyi keçən bütün dostlarıma təşəkkür edirəm. Maraqlı, fərqli bir iş görmüşük. İnşallah tamaşaçılarımız bəyənər”.

"Mübariz" xarakterini canlandıran Namiq Rüstəmxanlı isə çox sevincli olduğunu gizlətməyib:

"Əslində bu, sadəcə tarixi izah edən bir film deyil. Bu günümüzün də filmidir. Çünki izləyərkən də görəcəksiniz ki, Trabzonda şəhid olan Erenimiz (Eren Bülbül), Qarabağda şəhid olmuş Mübariz İbrahimov kimi insanları filmdə canlandırmışıq. Sadəcə Türkiyə tarixi təsvir olunmayıb. Ana, atasını, bütün qohumlarını və yaxınlarını gözləri qarşısında itirən və "Sizi Allaha şikayət edəcəyəm” deyən suriyalı bir uşağın xatirəsi də təsvir olunub”.

Rejissorluğunu Osman Kayanın etdiyi filmin ssenarisini Mustafa Burak Doğu və İbrahim Ethem Arslan qələmə alıb. Filmdə həmçinin Kamil Gülər, Batın Uçan, Serhat Şahin, Mehmet Ali Karakuş, Mehmet Pala, Hakan Yufkacıgil, Berat Efe Parlar, Rüzgar Aksoy, Gökçe Özyol, Demet Tubncer və başqaları rol alıb.



Qeyd edək ki, Türkiyədə "Angel Yapım” şirkətinin istehsalı ilə Osmanlı İmperiyasının dünyanı titrədən ordusunun, ən öndə gedən mərd döyüşçülərinin qəhrəmanlıqlarından bəhs edən "Dəlilər” filmi 20 milyon TL-yə başa gəlib. İddia edilir ki, ekran işi "Game of Thrones” və "Vikings” kimi layihələri kölgədə qoyacaq.

Möhtəşəm səhnələrin yer aldığı və təsirli ssenarisi olan film 15-ci əsrdə Fateh Sultan Mehmetin Eflak Voyvodalığına təyin etdiyi Vlad Tepeşin xalqa etdiyi zülmdən danışır. Tepeş vəzifəsinin ilk illərində Osmanlıya sadiq qalsa da, sonralar əhaliyə qarşı dəhşətli qəddarlıqlar etməyə başlayır. Fatih Sultan Mehmet isə dinindən və millətindən asılı olmayaraq, insanlara edilən bu zülmə səssiz qalmır. Fatih Sultan əvvəlcə Vlad Tepeşə elçisiylə xəbərdarlıq yollayır. Vlad elçinin sarığısını başına mismarlayıb İstanbula göndərəndə Osmanlı sultanın səbri daşır və onun cinayətlərinə son qoymağa qərar verir.

Fatih bu zülmə tezliklə son vermək üçün Baba Sultana əmr verir. Baba Sultan "Dəlilər Birliyi" nin ən cəsur igidlərdən yeddisini Vladın hökm sürdüyü Targoviçdeye göndərir. Bu yeddi qəhrəman: Gökkurt, Aşkar, Mübariz, Çebi, Suskun, Kongar və Adsızdır.