Video 13:03 26.10.2017

Türkiyənin haqqında danışdığı Azərbaycan filmi Bakıda: "Aşka geldik" (VİDEO)

Türkiyənin aparıcı media qurumlarında son vaxtlar adından çox bəhs edilən "Aşka geldik" filmi tezliklə Azərbaycan kinoteatrlarında nümayişə çıxacaq.

"Qaynarinfo"-nun verdiyi xəbərə görə, Azərbaycan-Türkiyə kinematoqrafçılarının ortaq layihəsi olan "Aşka geldik" filmi komediya janrında çəkilib.

Filmin rejissoru Türkiyənin tanınmış isimlərindən Muharrem Özabat, sssenari müəllifi Həsən Əliyev, bəstəkarı isə Yıldıray Gürgendir.

Baş rollarda isə usta oyunçular, Azərbaycanda da yaxşı tanınan Metin YıldızŞener Kökkaya oynayır.

Filmdə tanınmış Azərbaycan aktyoru Fərda Xudaverdiyev də aparıcı rollardan birinə çəkilib.

Filmdə həmçinin Türkiyənin tanınmış aktyorları Yakup Yavru, Abdullah Şahin, Ali Tutal, Hüseyin Elmalıpınar, Gönül Dilan, Dilek Denizdelen, Erol Taşçı, Murat Bozaslan və başqaları yer alıb.

Filmdə diqqət çəkən məqamlardan biri də Türkiyənin tanınmış müğənnisi Faruk K.-nın da rol almasıdır.

Onun məhz bu film üçün oxuduğu və filmin adıyla adlandırılan "Aşka geldik" mahnısı son günlər "Youtube" kanalında milyonlarla insan tərəfindən izlənilib. 

Filmin mövzusu isə Türkiyənin ucqar və texnologiyadan uzaq bir kəndində, dünyadakı bütün hadisələrindən uzaq və sakit bir həyat sürən insanların arasına Avropadan bir xarici qonağın gəlməsi ilə yaranan komik hadisələr zəncirindən ibarətdir.

Həm Türkiyə və Azərbaycan üçün aktual ictimai mövzusu, həm də usta aktyorların oyunu filmin Türkiyədəki kimi Azərbaycanda da seviləcəyini deməyə əsas verir.

Qeyd edək ki, film Azərbaycanın "Favori Production" tərəfindən ərsəyə gətirilib və noyabrın ilk həftəsində Bakı kinoteatrlarında nümayişə çıxacaq.

Qaynarinfo.Az