Ölkə 17:14 13.04.2021

Türkiyəyə qiyabi təhsil almağa gedənlər bilməlidir ki... - Ekspert

"Hazırda ən ciddi problem xarici ölkələrdə təhsil alanların diplomlarının Azərbaycanda tanınmaması ilə bağlıdır”. 

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspertin fikrincə, bu, bəzi hallarda xarici təhsil xidməti göstərən şirkətlərin şəxsi kommersiya maraqları ucbatından baş verir: 

"Lisenziya müddəti bitmiş və akreditasiyası olmayan universitetlərə qəbul həyata keçirilir. Ona görə də valideynlər yalnız xaricdə təhsil ilə bağlı mütəxəssislərə müraciət etməlidirlər. Valideynlər bilməlidir ki, övladlarını Türkiyəyə qiyabi təhsil almağa göndərirlərsə, onun diplomu birmənalı olaraq tanınmayacaq. Çünki Türkiyədə qiyabi təhsil yoxdur. Tələbələr oxumağa getdikləri ölkədə qiyabi təhsil alacaqlarsa, azı 15 gün, əyani təhsil alacaqlarsa, 90 gün həmin ölkənin ərazisində olmalıdırlar. Bundan başqa hər bir xarici ölkəyə oxumağa gedən şəxs o universitetin enic-naric sistemində olub-olmamasını yoxlamalıdır. Bunlarla yanaşı, xarici öılkələrdə oxumağa gedənlər o ölkənin dilini və tədris dilini bilməlidirlər”. 
 
 

Kamran Əsədov hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayının 40 minə yaxın olduğunu vurğulayıb: 

"Onlardan 15 mini qardaş Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır”.  

Bahar Rüstəmli