Asif Nərimanlı
Siyasət 12:32 01.11.2021

Ukrayna cəbhəsində toqquşmanın səbəbləri və “Bayraktar” amili

Ukraynada münaqişə yenidən gərginləşdi. Separatçıların hücumuna "Bayraktar”la cavab atəşinin ardından təmas xəttində qüvvələrin cəmlənməsi davam edir, rus qoşunlarının da Ukrayna sərhədinə hərəkət etdiyinə dair məlumatlar var.

Baş verənləri növbətçi toqquşmalardan biri hesab etmək olar, lakin siyasi proseslərin inkişafı gərginliyin yenidən başlanmasının bir-birinə bağlı üç mümkün səbəbini də önə çıxarır. 

1) Lokal səbəb: Ukrayna Türkiyədən aldığı "Bayraktar”ları ilk dəfə sınaqdan keçirdi və əldə olunan nəticə, eləcə də separatçıların PUA-lar qarşısında müdafiəsiz qalması Kiyevi fürsətdən istifadə edərək, prosesi irəlilətməyə sövq edir; Ukraynanın separatçılarla qarşı Qarabağ müharibəsi ssenarisinin tətbiqi üzərində işlədiyi bəllidir və hazırda ən azı strateji mövqeləri təmizləmək üzərində hərəkət etmək istəyi də istisna deyil;

Hərçənd, digər iki amilin baş verənlərdə daha çox rol oynadığı görünür.

2) Regional səbəb: Avropanın qaz bazarında yaranmış böhran bölgədəki daşları da yerindən oynatdı.

Sentyabr ayından başlayaraq, Avropanın qaz təminatında ciddi problemlər yarandı: hər qış qaz tədürükündə bu və ya digər formada çətinliklə üzləşən Köhnə Qitənin pandemiyadan sonra istehsal müəssisələrinin işə düşməsi ilə qaza olan təlabatı dəfələrlə artıb; beynəlxalq araşdırma təşkilatları avropalıların "yemək və evini qızdırmaq” seçimi arasında qaldığını bildirirlər; LNG (mayeləşdirilmiş təbii qaz) qazının Asiya və Cənubi Amerika bazarlarına daşınması (LGN-nin Avropa bazarında idxalı bu ilin ilk yarısında 41 faizdən 31 faizə qədər düşüb) da avropalıları çətin vəziyyətə salır və Rusiyadan asılılığı artırır.
Avropa böhrandan çıxmaq üçün Rusiyadan qaz ixracının həcmini artırmasını istəyir, Moskva isə bundan imtina edir: rusların özlərinə görə səbəbləri var:
- qaz ixracını bağlanmış müqaviləyə əsasən həyata keçirir: hətta Putin avropalıların şikayətinə cavab olaraq, ötən illə müqayisədə bu il Avropaya 15 faiz daha çox qaz ixrac etdiklərini açıqladı.

- ruslar öz ehtiyaclarını ödəmək istəyirlər: rəsmi məlumata görə, "Qazprom” daxili anbarlarında yaranmış kəsiri aradan qaldırmaq, soyuq qışa hazırlaşmaq niyətindədir.

Bu, əsassız səbəb deyil, lakin rusların gerçək hədəfi "Şimal axını – 2” layihəsini istifadəyə verməkdir.

Və Rusiya üçün indi həlledici məqamdır: Almaniyada Merkel dövrü başa çatdı və yeni qurulacaq koalisiya hökumətində yer alan "Yaşıllar” rus qazına qarşı prinsipial mövqe sərgiləyirlər; Moskva yeni hökumət qurulana qədər Almaniyanın "Şimal axını” layihəsini təsdiq etməsini istəyir və yaranmış qaz böhranından aktiv şəkildə istifadə edir.

"Şimal axını” layihəsinin işə düşməsi Ukrayna üçün təhlükəli perspektiv vəd edir:

- Ukraynanın tranzit rolu azalır, gələcəkdə minimuma enə bilər;

- "Şimal axını” Avropa siyasətində rus təsirini daha da artıra bilər və bu, Ukrayna üçün ərazi bütövlüyünün bərpası məsələsində dəstəyin azalması deməkdir.

Ukrayna cəbhəsinin açılması Avropanı "Şimal axını” layihəsinə qarşı çıxmasını şərtləndirə bilər və bu, qaz böhranı ilə üzləşən Avropanı çətin vəziyyətə salır: Fransa və Almaniyanın baş verənlərə görə Kiyevi ittiham etməsinin səbəblərindən biri də budur.

Prosesin arxasında ABŞ-ın idarəedici missiyası aydın görünür və bu, məsələnin üçüncü tərəfini önə çıxarır.

3) Qlobal səbəb: mübarizənin əsası;

Bayden Administrasiyası Avropada "köhnə müttəfiqləri” qaytarmaq siyasətini aparır: hədəf Çin, hədəf gedən yolda vasitəçi Rusiya görünür; Vaşinqton Avropanı eyni cəbhədə birləşdirmək üçün rus təhlükəsini önə çəkir.

İyun ayında Baydenin Avropa turnesi, G-7 sammiti, NATO zirvəsi Ağ Evə gəldikdən sonra ABŞ prezidentinin prosesə start verməsi idi: Ukrayna ətrafında vəziyyətin gərginləşməsi, ABŞ-ın hərbi gəmilərini Qara dənizə göndərməkdən son anda vaz keçməsi və Rusiyanı buna təhrik etməsi də bu planın tərkib hissəsi idi. 

Turnedən sonra ABŞ və Almaniya "Şimal axını” ilə bağlı razılığa gəldi və Vaşinqton sanksiya tətbiq etməyəcəyinə söz verdi:

- ABŞ layihənin qarşısını ala bilməyəcəyini anlayırdı və almanlardan Ukraynanın tranzit rolunun maksimum zərər görməyəcəyi vədini almışdı: Vaşonqton bununla Almaniyanı da qazanmaq istəyirdi;

- Bayden-Putin görüşündə nə qədər fikir ayrılığı olsa da, Çinə qarşı müəyyən razılaşmaların olduğu ehtimalı görünürdü və Vaşinqton ruslara istədiyini verirdi.

Kartlar sentyabr ayında qarışdı:

- Avropada qaz böhranın yaranması rusların əlini gücləndirdi və Avropanın Vaşinqton cəbhəsində yer almasını çətinləşdirdi; 

- Almaniyada seçkilər "Şimal axını”na qarşı olan "yaşılların” yeni hökumətdə təmsil olunmasına yol açdı və bu, ABŞ-ın əlini gücləndirdi;

- Qaz böhranı fonunda yeni perspektiv vəd edən seçkinin nəticələri rusları da, Merkeli də "Şimal axını” layihəsini tezləşdirməyə sövq edir;

- BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən sessiyasından sonra Soçiyə gələn Ərdoğan Putinlə anlaşdı; hətta Ərdoğan-Putin görüşündən sonra Gürcüstan belə "3+3” formatında təmsil olunmağa məcbur olduğunu dolayısı ilə açıqladı.  

Və belə görünür ki, proseslərin inkişafından məmnun olmayan ABŞ Rusiya təhlükəsini aktivləşdirdi: oktyabrın birinci ongünlüyündə Rusiya və NATO arasında "casus qalmaqalı” yaşandı, ikinci ongünlüyündə ABŞ müdafiə naziri Lloyd Austin Kiyevə gəldi və Rusiyaya qarşı çağırışlar etdi. Oktyabrın üçüncü öngünlüyündə Ukrayna ordusu Donbasdakı separatçılara ilk dəfə "Bayraktar”la zərbə endirdi.

Bütün bunların Rusiya və Çin liderlərinin iştirak etmədiyi, gündəmin ABŞ və Avropanın müəyyən edəcəyi G-20 sammitindən öncə baş verməsi də təsadüfi deyildi: Bayden "Şimal axını” layihəsində Ukrayna vədinin unudulmamasına çalışır, Romada Merkellə bunu müzakirə etdi və Avropa cəbhəsini birləşdirmək üçün Rusiya təhlükəsinin reallığını yenidən gündəmə gətirir;

Ukraynada toqquşma Rusiyanın əleyhinədir: separatçılar "Bayraktar”ın qarşısında dayana bilməyəcək, Rusiyanın müdaxiləsi isə Moskva üçün Avropa bazarındakı siyasətini "yandıracaq”; və bu gözləntilər Dombasda "qış əməliyyatı”nın davam edəcəyi ehtimalını gücləndirir;

Bütün baş verənlərdə "Bayraktar” amili də xüsusi diqqət çəkir: Rusiya narahatdır, Qarabağ müharibəsində ciddi rol oynayan türk PUA-ları Moskvanın post-sovet məkanında yaratdığı "düyünlərin” ikincisini də aça bilər; rus rəsmilərin açıqlamaları, ekspert cameəsinin təhlükə zəngini çalması və "naringi qadağası” da Moskvanın narahatlığından xəbər verir; bu baxımdan, Donbasda ilk "Bayraktar” zərbəsinin ABŞ-ın maraqları fonunda Moskva-Ankara xəttində çatların yaranmasına da hesablandığı istisna deyil. 

Çavuşoğlunun Romada Lavrovla bu məsələni müzakirə etməsi bu kontekstdə diqqət çəkir. O da diqqət çəkir ki, Ukrayna cəbhəsində Rusiya ilə üz-üzə gələn Bayden Romada Ərdoğanla görüşdə F-16, PYD/YPG kimi məsələlərdə müəyyən vədlər verib.

Asif Nərimanlı