Foto 13:58 31.10.2019

Ukraynalı Milli Qəhrəmanımızın ailəsinə birdəfəlik ödəmə verildi (FOTO)

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Xarkov şəhərində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinkanın ailəsi ilə görüşüb. 

Bu barədə Qaynarinfo-ya Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.  

Diplomat deyib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Milli Qəhrəmanlara, şəhidlərin ailələrinə yüksək diqqət və qayğı göstərir: "Bu qayğının bariz nümunələrindən biri də şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsidir".

Səfir bildirib ki, ölkə başçısının fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilir: "Artıq fərmandan irəli gələn tələblərə müvafiq olaraq Ukraynada üç ailəyə birdəfəlik ödəmələr həyata keçirilib".

Göstərdikləri maddi və mənəvi dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirən Milli Qəhrəmanın atası Aleksandr Polovinka qeyd edib ki, onlar daim Azərbaycan dövlətinin dəstəyini hiss edirlər. Artıq bu müavinət R.Polovinkanın ailəsinin hesabına köçürülüb. R.Polovinkanın şəhidliyi xalqlarımızın dostluğunun əbədi və sarsılmaz olduğunu bir daha sübut edir.

Xatırladaq ki, Qarabağ müharibəsində bir çox hərbi əməliyyatların fəal iştirakçısı olmuş Xarkov vilayətinin Zimiyov şəhər sakini leytenant R.Polovinka Qubadlı, Laçın, Ağdərə uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənib. 1992-ci il avqustun 6-da R.Polovinka "Mi-24” helikopterinin heyəti ilə birlikdə Ağdərə rayonu ərazisində gedən ağır döyüşlərdə düşmənin xeyli sayda zirehli texnika və canlı qüvvəsini məhv edib. Lakin bu istiqamətdə etdiyi dördüncü uçuş zamanı helikopter düşmən tərəfdən raketlə vurulub. O, komandiri Zakir Məcidovun əmrinə baxmayaraq, onu tərk etməyib, son ana qədər aviasiya vasitəsini xilas etməyə çalışıb. R.Polovinka uçuş heyətinin üzvləri ilə birlikdə şəhid olub.