Siyasət 23:00 20.04.2019

Ukraynanın prezidenti kim olacaq? (ŞƏRH)

Sabah Ukraynada prezident seçkiləridir. Bu post uğrunda isə hazırkı prezident Petro Poroşenko ilə aktyor Vladimir Zelenski mübarizə aparacaq. 

Qaynarinfo xəbər verir ki, politoloq Şahin Cəfərli Ukraynadakı seçkiləri şərh edib. 

O, seçkilərin ikinci turunun qalibi kimi Zelenskini görüb. Politoloq bildirib ki, müğənni Svyatoslav Vakarçuk prezidentliyə namizədliyini irəli sürsəydi, Zelenski ölkə rəhbəri olmaq şansını itirəcəkdi: "Ukraynada Zelenskinin qarşısını kəsə biləcək yeganə şəxs Svyatoslav Vakarçuk idi. Vakarçuk yüksək səviyyəli sənətçi olmaqla bərabər, həm də alimdir və siyasi yetkinliyə malik şəxsiyyətdir, millət vəkili olub. Prezidentlik üçün adı çox hallandı, lakin namizədliyini irəli sürməkdən imtina etdi. Nəticədə bütün protest elektoratı, sistemdən, mövcud siyasətçilərdən, ümumən siyasətdən bezmiş nə qədər adam vardısa, hamısının ünvanı diletant Zelenski oldu. Sabah Zelenski 99,9% ehtimalla prezident seçiləcək. Amma bununla ölkədə siyasi hərarət azalmayacaq”.
 


Politoloqun fikrincə, gələcəkdə Yuliya Timoşenkonun baş nazir olmaq ehtimalı güclüdür: 

"Payızda parlament seçkiləri var. Ukraynada qarışıq (parlament - prezident) sistem mövcuddur, hökuməti Ali Rada formalaşdırır. Radada çoxluq yarada bilməyən prezidentin simvolik fiqura çevrilməsi ehtimalı yüksəkdir. Zelenski seçildikdən sonra onun partiyası da ("Sluqa Naroda") bu rüzgarla parlament seçkilərində birinci yeri tuta bilər, amma təkbaşına çoxluq əldə etməsi qeyri-mümkün olduğundan "köhnə qurdlar"la anlaşmaq lazım gələcək. Zelenski Poroşenkonun bloku və Rusiyaya yaxın qüvvələrlə koalisiya yaratmayacağını açıqlayıb. Bu isə o deməkdir ki, böyük ehtimalla "Batkivşina" ilə anlaşmaq məcburiyyəti ortaya çıxacaq və bu durumda Yuliya Timoşenko baş nazir olub, ən azı prezident qədər, hətta ondan daha təsirli gücə çevriləcək. Timoşenkonun hökumət başçısı olması isə öz növbəsində Zelenskinin gənc seçicilərini məyus edəcək. Qeyd edim ki, Anatoli Qritsenkonun partiyası uğurlu nəticə əldə edərsə, onun da baş nazir olmaq şansı var. Bir sözlə, Ukrayna siyasətində yüksək gərginlik, amansız mübarizə, siyasi alver hələ bir müddət davam edəcək”.