Universitetlər vətəndaşın cibini niyə nəzərə almır? (ŞƏRH)

Universitetlər vətəndaşın cibini niyə nəzərə almır? (ŞƏRH)

Qəbul imtahanları yaxınlaşır. Həm valideynlər, həm də abituriyentlər universitet seçimində tərəddüd edir. Bunun bir səbəbi təhsilin keyfiyyətidirsə, digər səbəbi isə ailənin aylıq gəlirinin təhsil haqqlarını ödəməyə yetib-yetməyəcəyidir.

Azərbaycanda minimum əmək haqqı 116 manatdır. Ən aşağı təhsil haqqı isə 1500 AZN təşkil edir. Təbii ki, qiymət fakültənin prestiji yüksəldikcə qalxır. Özəl universitetlərdə isə təhsil haqqları tükləri ürpərdir. 

Bəs bu məbləğlər əhalinin orta illik gəliri ilə nə dərəcədə nisbilik təşkil edir? Bununla bağlı suallarımızı cavablandıran təhsil eksperti Etibar Əliyevin fikrincə, təhsil haqqları çox yüksəkdir və bu məsələyə yenidən baxılmalıdır: 


“Özəl universitetləri təhsil haqqlarına görə tənqid edə biləmərik. Çünki dövlət universitetləri arasında da təhsil haqqları yetərincə yüksək olan təhsil ocaqları var. Tibb Universitetinin, Bakı Dövlət Universitetinin və s. ali təhsil ocaqlarının bir sıra fakültələrini buna misal göstərə bilərik. Özəl universitetlərdə təhsil haqqlarının yüksək olması onların bütün xərclərini özlərinin ödəməsidir. Bununla belə, onlar özləri də başa düşürlər ki, yüksək təhsil haqqı abituriyentləri bu təhsil ocaqlarından qaçıra bilər. Və buna görə də universitetlərin əksəriyyəti bir sıra güzəştlər tətbiq edir. Lakin hesab edirəm ki, bu gecikmiş addımdır. 3-4 il əvvəl bu addımlar atılsaydı, bəlkə də bu gün daha çox şey əldə edərdilər. Ümumilikdə isə düşünürəm ki, təhsil haqqları yalnız təhsilin səviyyəsinə görə müəyyənləşdirilməlidir. Fikrimcə, xüsusən özəl universitetlərdə təhsil haqları yenidən nəzərdən keçirilməli və aşağı salınmalıdır”.

Millət vəkili Fazil Mustafa hesab edir ki, təhsilin keyfiyyəti ilə qiymətlər üst-üstə düşmür. Deputat universitetləri əhalinin vəziyyətini nəzərə almağa çağırıb:  


"Ali məktəblərdə təhsil səviyyəsi xeyli aşağıdır. Ancaq bununla yanaşı, yaxşı təhsil verən universitetlərimiz də var. Bu məsələdə əvvəlcə universitetin reytinqinə baxmaq lazımdır. Təbii ki, istər təhsildə, istərsə də başqa sahələrdə əhalinin sosial vəziyyətini nəzərə almadan qiymət tətbiq etmək düzgün deyil. Çünki təhsil haqqı yüksək olduğundan və əksər ailələrin onu ödəmək imkanı olmadığından bəzi gənclər təhsildən kənarda qalır. Elə etməliyik ki, əhalinin bütün təbəqələri üçün təhsil əlçatan olsun. Özəl universitetlərə gəldikdə isə onlar bazar iqtisadiyyatına uyğun qiymətlər tətbiq edirlər. Ancaq tətbiq olunan qiymətlə təhsil keyfiyyəti üst-üstə düşmürsə, bu artıq böyük bir problemdir. Ümumiyyətlə, Azərbaycanda özəl universitetlərin təhsil səviyyəsini qaldırmaq, eyni zamanda, Azərbaycan Diplomatiya Akademisyası, İqtisad Universiteti kimi keyfiyyətli təhsil verən universitetlərin də sayını çoxaltmaq lazımdır”.

Nərmin Həsənli

Qaynarinfo.Az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR